Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti arasında Londonda görüş olub. Mirzoyan görüş zamanı Ermənistanın irəli sürdüyü “dünyanın kəsişməsi” layihəsini təqdim edib.
Maraqlıdır, bu layihənin məğzi nədir və Ermənistan nə etmək istəyir?
Politoloq Sədrəddin Soltan mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
MÖVZU İLƏ BAĞLI:
Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı müharibə meydanına çevirmək PLANI AKTİVLƏŞDİRİLİR
O bildirib ki, bu layihə oktyabrın 26-da Gürcüstanın paytaxtı Tiflisdə Beynəlxaq İpək Yolu konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülüb:
“Ermənilər hesab edir ki, Ermənistan Şərq və Qərbin, Şimal və Cənubun kəsişməsində yerləşir. Guya bu ölkə geopolitik və nəqliyyat baxımından əhəmiyyətli ölkədir. Bunu Qərbə qəbul etdirməyə çalışırlar. Hindistan, İran, Ermənistan Şimal-Cənub nəqliyyat dəhlizini də bu baxımdan dəyərləndirirlər. Ancaq fikrimcə, bu layihə əhəmiyyət kəsb etməyəcək. Çünki Ermənistan dalana oxşayır.
Ermənistanı şimalla birləşdirən yeganə marşrut - Lars magistral yolu mövcuddur. Ancaq hava qarlı olanda bu xətt də bağlanır. Onların İranla yeganə nəqliyyat yolu var. Sadəcə riskli ölkə olduğu üçün bu məsələdə İranın rolu mümkün qədər az olacaq. İrana qarşı tətbiq edilən sanksiyalar onu bəzi layihələrdən məhrum edir”.
Politoloq əlavə edib ki, Ermənistanın Azərbaycanla münaqibətlərini nəzərə alsaq, “dünyanın kəsişməsi” layihəsinin reallaşması ehtimalı azdır:
“Çünki Azərbaycan Orta Asiyadan gələn məhsulların Ermənistan tərəfindən keçməsində maraqlı olmayacaq. Ona görə də bu layihə elə “layihə” olaraq qalacaq. Son zamanlar Azərbaycan tərəfi, Orta Asiya ölkələri və beynəlxalq ictimaiyyət Xəzərdən keçən orta xətti müdafiə edirlər.
Azərbaycan beynəlxalq nəqliyyat layihələrində yeni bir istiqamətdə rol oynayacaq. Ermənilər də hansısa formada beynəlxalq layihələrdə alternativ vasitə kimi rol oynamağa cəhd göstərirlər. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Bu tip layihələrdən əl çəkib, Azərbaycanla münasibətləri normallaşdırması, sülh müqaviləsini imzalaması, sərhədlərin müəyyənləşməsi, Azərbaycana qarşı təcavüzkar siyasətdən imtina etməsi Ermənistana kifayətdir. Belə olan halda sözügedən ölkə regiondan keçən layihələrdə zəncirin bir həlqəsinə çevrilə bilər”.
Məhərrəm Əliyev, Bizim.Media