Bu gün Qacarlar dövlətinin süquta yetirildiyi gündür. 1925-ci il 31 oktyabr tarixində Beşinci Məclis Qacar sülaləsinin devrilməsi haqqında qərar qəbul etdi.Beləcə, azərbaycanlıların indiki İran ərazisindəki 400 illik hakimiyyəti sona çatmış oldu.
Bəs, Qacarlar sülaləsi niyə süqut etdi?
Mövzu ilə bağlı tarix üzrə fəlsəfə doktoru Zaur Əliyevlə həmsöhbət olduq.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, 1901-ci ildə indiki BP şirkətinin yaradıcılarından biri ser Vilyam Noks Dorsi indiki İran ərazisinə gəlir və burada neft axtarışına başlayır:
MÖVZU İLƏ BAĞLI:
Şah Qacarı Azərbaycan tarixində qaralamaq tapşırığını kim verib? – “Vaqif” əsəri haqqında BİLMƏDİKLƏRİMİZ
“Araşdırmalardan sonra məlum olur ki, Məşhəd və Fars körfəzinə yaxın ərazilərdə zəngin neft yataqları var. O zamanlar həmin ərazilərdə azərbaycanlılar yaşayırdı. 1908-ci ildə Noks Dorsi neft hasilatı üçün Qacarlar hökümətinə müraciət edir.
Lakin bu müraciət həm Qacarlar hökümətinin, həm də həmin ərazidə yaşayan azərbaycanlıların etirazına səbəb olur. Lakin zəngin neftin qoxusunu alan ser Vilyam niyyətindən əl çəkmir və öz yaxın çevrəsinin dəstəyi ilə təxribatçı plan hazırlayır.
Bu planın bir hissəsi Qacarlar hakimiyyətini devirmək, digər plan isə neftlə zəngin olan ərazilərdə yaşayan azərbaycanlıların deportasiyasına nail olmaq idi. Noks Dorsinin planlarının icrasına farslar yaxından kömək etmək niyyətində olduqlarını bildirirlər. Həmin fars sülalələrindən biri də Pəhləvilər idi. Beləcə, ingilislərin dəstəyi və farsların iştirakı ilə 1925-ci il 31 oktyabr tarixində Beşinci Məclis Qacar sülaləsinin devrilməsi haqqında qərar qəbul edir.
Daha sonra Pəhləvilər hakimiyyətə gətirilir.
Bundan sonra BP-nin yeni yaradılan İran dövlətində fəaliyyəti genişlənir. Zəngin neft yataqlarının istismarına başlanılır.
Pəhləvilər hakimiyyətlərinin uzunömürlü olması üçün hasil olan neftin böyük hissəsinin ingilislər tərəfindən sahiblənməsinə razı olurlar. Ötən 98 ildə farslar öz hökmranlıqlarını sürdürmək üçün anqlo-saksonların tapşırıqlarını can-başla yerinə yetiriblər. Hal-hazırda da molla-fars rejiminin arxasında Noks Dorsinin xələfləri dayanır”.
Zaur Əliyev onu da əlavə edib ki, Pəhləvilərdən sonra hakimiyyətin xomeyniçilərə ötürülməsində məqsəd türkləri, xüsusən də qacarlar dövlətinin varislərini hər vasitə ilə hakimiyyətdən uzaq saxlanılması olub:
“Çünki İranda hasil olunan neftin əsas hissəsi anqlo-saksonların nəzarətindədir. Bu faktı nə qədər gizlətməyə çalışsalar da tam müəssər ola bilməyiblər.
Amma fakt faktlığında qalır.
Bütün İslam dövlətlərində çevrilişlər, parçalanmalar olsa da İran hər zaman münaqişədən kənarda saxlanılacaq. İrana qarşı İsrailin və yaxud ABŞ-ın nə zamansa mühaibə edəcəyini düşünmək sadəcə sadəlöhvlük olardı. Çünki nə qədər ki İranda karbohidrogen ehtiyatları tükənməyib, bir o qədər farslar hakimiyyətdə qalacaqlar.
1925-ci ilin bu günündə Qacarlar hakimiyyətinin devrilməsinin bir səbəbi neft hasilatında razılaşmanın olmaması idisə, digər səbəbi bu ərazilərin Türk dövlətləri arasında bir körpü olması idi.
Çünki Qacarlar həm Türkiyə, həm də Orta Asiyadakı türk dövlətləri ilə həmsərhəd idi. Ona görə də Qacarların devrilməsi təkcə anqlo-saksonların deyil, həm də çar, daha sonra isə bolşevik Rusiyasının maraqlarına tam uyğun idi. Təsadüfi deyil ki, bu gün təkcə anqlo-saksonlar yox, həm də Rusiya İranı hər vasitə ilə dəstəkləyir”.
Surxay Atakişiyev, Bizim.Media