Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR – TƏHLİL 

Hazırda oxunan: Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR – TƏHLİL 

160256

Ermənistan sözün hər mənasında odla oynayır. Rusiyanın dəstəyindən məhrum olan və Azərbaycan qarşısında aciz duruma düşən Ermənistan revanş etmək üçün bütün vasitələrdən istifadə edir. Lakin Paşinyan başda olmaqla Ermənistanın digər başbilənləri bir məsələni unudurlar ki, “qonşuya ümid olan gecə şamsız qalar”. 

Heç bir dövlət, bu lap ABŞ və yaxud Fransa olsa belə, gəlib ermənilərin əvəzinə Azərbaycanla vuruşmayacaq. Amma bölgəyə gətirilən hər bir dövlətin öz maraqları var.

Həmin maraqların icrası üçün Ermənistana girmək sadəcə bir vasitədir. Son nəticədə gələn əcnəbi dövlətlər Ermənistanı öz maraqlarına qurban verəcəklər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yeni revanşistlər peyda oldu - DƏMİR YUMRUQ yerindədir


Bu isə heç də qansız ötüşməyəcək. Bu gedişlə yaxın zamanlarda Ermənistan da Suriya, İraq və digər ölkələr kimi qlobal güclərin hərbi-siyasi poliqonuna çevriləcək. Sözügedən ssenari Ermənistanın sonunu gətirə bilər. Təbii ki, region üçün də bu ziyansız ötüşməyəcək. 

Qərb Ermənistana hansı adla girir?

Rusiya ilə bütün körpüləri yandıran Paşinyan nicat yolunu Qərbin bu və ya digər şəkildə Ermənistanda maraqlarını təmin etməkdə gördü. Bu məqsədlə əvvəlcə Araz sahilində ABŞ-İran-Hindistan-Ermənistan birgə iqtisadi layihə reallaşdırmaq istədi. Bu layihə uğursuzluğa düçar olandan sonra Qərblə hərbi əlaqələrin genişlənməsinə start verildi. İlkin olaraq 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə  “Qartal tərəfdaşı 2023” təlimi keçirildi. Bunun ardınca oktyabrın 10-da Fransa hərbçiləri Ermənistan gəldi.

ABŞ və Fransanın Ermənistanda daimi qalmaq planı

Xatırladaq ki, ABŞ-ın 85, Fransanınsa 56 hərbçisi təlim adı ilə Ermənistana gəlib. Hələ ABŞ hərbçilərinin gəlişi zamanı bir çox beynəlxalq ekspertlər bildirmişdilər ki, onlar getmək üçün yox, qalmaq üçün gəliblər.

Məsələn, Türkiyəli general Yücel Karauz yazırdı ki, ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalı yüksəkdir:

“Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür”.

Son günlər yayılan məlumatlar deyilən fikri sübut etdi. Eyni zamanda, bir sıra beynəlxalq ekspertlər iddia edirlər ki, hazırda Ermənistanda  Qərbin güclü casus bazası var. Onlar əsasən anti-Rusiya təbliğatı aparırlar. Məqsəd odur ki, erməni xalqı ayağa qalxsın və Rusiyanın Ermənistandakı 102-ci ordusu bu ərazilərdən çıxarılsın. Lakin hələlik, “qazanlar qapalı qaynayır”. 

Anti-Rusiya kampaniyası sürətlə böyüyür

Nəzərə alaq ki, istər Ermənistanın siyasi elitasında, istərsə də sadə ermənilər arasında Rusiyaya bağlı xeyli sayda qruplar var. Bu bağlılıq daha çox iqtisadi əsaslara söykənir. Yəni sadə erməni ailələri bu və ya digər şəkildə Rusiyadan gələn yardımlar hesabına yaşayırlar. 

Bundan əlavə, Ermənistan iqtisadiyyatı da Rusiyaya birbaşa bağlıdır. Ermənistanın karbohidrogen məhsullara olan ehtiyacının 85 faizini Rusiya ödəyir. Ermənistanın nəqliyyat və turizm sektoru da mayasını Rusiyadan gələn gəlirlərdən tutur. Bundan başqa hər il Rusiya Ermənistan büdcəsinə xeyli miqdarda yardımlar edir. 

Həmçinin Ermənistanda həyata keçirilən bütün iri layihələrin ya sifarişçisi, ya da icraçısı Rusiya vətəndaşlarıdır. Ona görə də Paşinyanın planları Ermənistanda ciddi qarşıdurma yarada bilər. Bu hətta vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər.
Bundan başqa Rusiya Paşinyanın bir sözü ilə 102-ci ordusunu Ermənistandan çıxarısı deyil. Çünki Ermənistandan çıxmaq Rusiya üçün birdəfəlik Cənubi Qafqazı itirmək deməkdir. Ona görə də Rusiya Ermənistanda qalmaq üçün sona qədər müqavimət göstərəcək. Bu müqavimətin hərbi qarşıdurma səviyyəsinə qalxması da ehtimallar arasındadır. Bu isə bir növ Rusiya-Ermənistan müharibəsinin başlaması deməkdir. 

Doğrudur, Ukraynada müharibənin davam etdiyi müddətdə bu variantın reallaşması ehtimalı azdır. Amma yox deyil. Əgər Rusiya Ermənistana müharibə elan eləsə ermənilərin arxasında nə ABŞ, nə Fransa, nə də İran dayana bilməyəcək. Bu ancaq Ermənistanın xarabalığa çevrilməsi ilə sonlana bilər.

Paşinyan region ölkələrinin əsəbləri ilə oynayır

Burda başqa, bir məsələ də var. ABŞ və Fransa təkcə Rusiyanı bölgədən çıxarmaq üçün Ermənistana gəlmir. Bu dövlətlər həm İrana, həm də Türkiyəyə daha yaxın olmaq istəyirlər. Təbii ki, ABŞ və Fransanın bu istəyi Türkiyə və İran tərəfindən cavabsız qalmayacaq. Bu da Ermənistanda yeni müharibə ocağının yaranması ehtimallarını artırır. 

Bir sözlə, Paşinyan özünü çox ağıllı bilib qlobal güclərin maraqlarını Ermənistan üzərində cəmləşdirmək və bundan xeyli qazanclı çıxmaq istəyir.

Lakin Nikol unudur ki, qlobal güclərin toqquşması zamanı xırda dövlətlərin maraqları yox, taleləri belə heç kimin marağında olmur. 

Bu isə o deməkdir ki, Paşinyan bilərəkdən və bilməyərəkdən Ermənistanı məhvə sürükləyir. Əgər ən yaxın zamanda Paşinyan hakimiyyətdən getməsə və yaxud hərəkətlərində redaktə aparmasa, onda Ermənistanın vəziyyəti həqiqətən “rusca” olacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin