“Bölgədə sülh və sabitliyin təmin olunması, eləcə də Qarabağ ətrafındakı problemlərinin birdəfəlik həlli bir məqama – Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə bağlıdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında türkiyəli politoloq, tarixçi Mehmet Perinçek deyib.
Son zamanlar Ermənistanın artan təxribatlarına diqqət çəkən Perinçek, bunun arxasında Qərbin olduğunu, bölgəyə müdaxilə üçün Qərbin məhz təxribatlara ehtiyacının olduğunu vurğulayıb.
“İkinci Qarabağ müharibəsinin ardından bölgədə faydalı zəmin yaranmışdı. Daha əvvəl isə ATƏT-in Minsk Qrupu, yəni imperialist dövlətlərin marağındakı qrup nə Qarabağ probleminin həllinə, nə də bölgədə istiqrar və sülhün bərpasına icazə verirdi.
Daha sonra Ankara və Moskvanın müdaxiləsi ilə Qarabağ probleminin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpasında önəmli addımlar atıldı. Bölgədə istiqrarın və sülhün gəlməsi, eləcə də Qarabağ ətrafındakı problemlərinin birdəfəlik həlli bir məqama – Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə bağlıdır.
Bu addımların ardından sülh zəmini yaranmışdı. Bu vəziyyət Qərbyönümlü imperialist dövlətlərin bölgəyə müdaxiləsini əngəlləyirdi. Onların əlindəki rıçakları alırdı. Bu baxımdan Qərbyönümlü güclər davamlı olaraq Ermənistanla Azərbaycan arasında haqlı bir sülhün bərpasını, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləməyə çalışırlar”, - deyə Perinçek bildirib.
İrəvanın davranışlarının yalnız Azərbaycanı deyil, Moskvanı da narahat etdiyini bildirən politoloq, İrəvanın təxribatlara davam edəcəyi təqdirdə növbəti məğlubiyyətə düçar olacağını deyib:
“Ermənistanı yenidən hücum siyasəti yürütməyə yönləndirdilər. Çünki bölgədə xaos ortamı, yeni münaqişə olarsa, imperialist dövlətlər bölgəyə müdaxilə edə biləcək. Bölgə dövlətlərinin daxili işlərinə qarışa biləcək fürsəti münaqişə ilə yaxalaya bilərlər.
Həm də bu addımlar Rusiyanın da regiondakı prestijinə zərbə vurmağa hesablanıb. Çünki Rusiya üçtərəfli razılaşmanın zəmanətçisidir. Belə olduğu halda, buradakı hansısa silahlı münaqişə Rusiyanın da uğursuzluğu deməkdir.
Bu məqamda Qərbyönümlülərin müdaxilə instinkti hərəkətə keçmiş olur. Ermənistanın təxribatlara yenidən geri döndüyünü görürük. Halbuki, 10 noyabr bəyanatından sonra Paşinyanın, Ermənistanın böyük dərs aldığını zənn edirdik.
Qərbyünümlü ölkələrin əli ilə Ermənistanın təxribatlar yaratması elə ən çox erməni xalqına zərər verəcək. Tarix də bunu dəfələrlə göstərib. Təəssüf ki, Paşinyan iqtidarı Qərbin planları çərçivəsində rol oynamağa davam edir. Bu addım Rusiyanı ciddi şəkildə narahat edir.
Düşünürəm ki, biz yenidən Ankara-Moskva-Bakı üçbucağının inkişaf edəcəyini görəcəyik. Hətta bura İranın da daxil olacağını deyə bilərik. Önümüzdəki günlərdə 3+3 platformasının yenidən aktivləşərək Qərbin regional maraqlarını məhv edəcəyini düşünürəm.
Əgər Ermənistan təxribatçı siyasətini davam etdirəcəksə, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətlə yenidən qarşılaşacaq”, - deyə M.Perinçek əlavə edib.
Tehran Orucoğlu,Bizim.Media
- A-
- A
- A+
Region
12:30 / 14.09.2023
Mehmet Perinçek: “Ermənistan təxribatlara davam etsə, yenidən məğlubiyyətlə qarşılaşacaq” – ÖZƏL
Hazırda oxunan: Mehmet Perinçek: “Ermənistan təxribatlara davam etsə, yenidən məğlubiyyətlə qarşılaşacaq” – ÖZƏL
Hazırda oxunan: Mehmet Perinçek: “Ermənistan təxribatlara davam etsə, yenidən məğlubiyyətlə qarşılaşacaq” – ÖZƏL
155123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.