"Bu gün saat 7 radələrində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır".
Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Ağdam-Xankəndi yolu açıldı: Rusiyanın yük avtomobili keçdi - FOTO/VİDEO
"Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanımız olacaq və bu barədə ətraflı məlumat veriləcək. Bizim yüklərimiz hələlik buradadır. Hər hansı bir yenilik olsa, məlumat verəcəyik.
Növbəti humanitar yardımlara gəlincə, əvvəllər də qeyd etmişdik ki, biz yerli şəraiti bilmirik, erməni əsilli sakinlərin nələrə ehtiyaclarının olduğu haqda məlumatımız yoxdur.
Yəni bu barədə müvafiq qiymətləndirmədən sonra planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun qura bilirik. Öncə ehtiyaclar müəyyənləşdirilməlidir. Ehtiyaclar müəyyənləşəndən sonra istiqamətlərə uyğun addım atılmalıdır", - deyə AzQAC baş katibi bildirib.
Bizim.Media