Ermənistan üçün SURİYA PLANI – “İrəvan bu ölkələrin tapdağı altında qalacaq”

Hazırda oxunan: Ermənistan üçün SURİYA PLANI – “İrəvan bu ölkələrin tapdağı altında qalacaq”

127662

Bir sıra İran mətbuatı ölkənin hərbi qüvvələrinin Ermənistan ərazisində, Zəngəzurda yerləşdirildiyini yazır. SEPAH-ın xüsusi təlim keçmiş diversiya qrupunun Sünikdə olduğu bildirilir. Bununla da Ermənistan ərazisində hərbi varlığı olan ölkələrin sayı 4-ə çatır. 

Qeyd edək ki, Ermənistan müstəqillik əldə edəndən bəri ərazidə Rusiya qoşunları yerləşir. Bundan başqa, Avropa İttifaqının mülki missiyası adı altında Fransa jandarm dəstələri və Almaniya hüquq-mühafizə orqanlarının nümayəndələri də Azərbaycanla Ermənistan sərhədində yerləşdirilib. 

İran mətbuatının yazdığı fonunda isə belə başa düşmək olar ki, artıq cənub qonşumuzun hərbi qüvvələri də Ermənistana gəlib. 

Belə olan halda, sahəsi kiçik olan bir ölkənin ərazisində 4 ölkənin hərbi qüvvələrinin cəmləşdiyinin şahidi oluruq. Digər tərəfdən, Ermənistan ərazisində hərbi müstəvidə mövcud olan Aİ ilə Rusiya və İran arasında ciddi gərginlik hökm sürür. 

Bu isə o deməkdir ki, Ermənistan daxilində yerləşən həmin hərbi qüvvələr heç də sakit oturmayacaqlar. Əksinə, yerləşdikləri məkanda mövqelərini daha da gücləndirmək, buradakı rəqibi ölkədən sıxışdırıb çıxarmaq üçün onsuz da daxili gərginlik içində boğulan Ermənistanda daha ciddi qarmaqırışıqlıq yaratmağa çalışacaqlar. Bu isə Ermənistanın da mövcud gedişlə Suriyanın taleyini yaşayacağını deməyə əsas verir. 
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, bir-birinə zidd qüvvələrin ard-arda Ermənistanda yerləşdirilməsi, heç də bu ölkənin təhlükəsizliyinə zəmanət vermir. 

Əksinə, həmsöhbətimizə görə, belə vəziyyətdə Suriya variantının Ermənistanda da gerçəkləşməsi real xarakter ala bilər:

“İndiki halda Ermənistan ərazisində rəsmi olaraq İran qoşunlarının mövcud olduğunu düşünmürəm. Çünki bunun üçün hüquqi əsas lazımdır. Ortalıqda bu istiqamətdə hərbi müqavilə və yaxud qarşılıqlı yardımla bağlı İran-Ermənistan sazişi yoxdur.

Ona görə də İran qoşunlarının Ermənistanda yerləşdirildiyi barədə cənub qonşumuzun mətbuatının yazdığı daha çox dezinformasiyadır. 

İrəvanda ağlı başında olan siyasətçilər anlamalıdır ki, ölkəyə bir-birinə zidd qüvvələrin ard-arda yerləşdirilməsi, heç də Ermənistanın təhlükəsizliyinə zəmanət vermir. Əksinə, Ermənistanda bir-birinə zidd gedən bir neçə ölkənin hərbi varlığının mövcudluğu bu ölkəni birmənalı şəkildə bataqlığa sürükləyəcək. Belə olan vəziyyətdə Ermənistanda da Suriya variantının gerçəkləşməsi ehtimalı ciddiləşə bilər. 

Bakı ilə İrəvan arasında istənilən toqquşma ərazisi Ermənistan ərazisi olacaq. Belə olan halda, Ermənistan üçün yanğının miqyası daha böyük olacaq. Çünki prosesə İran müdaxilə edərsə, digər güc mərkəzləri, Türkiyənin özü belə Şuşa bəyannaməsinə uyğun olaraq Ermənistana müdaxilə edə bilər.
Bu isə ərazisində bir-birinə zidd müxtəlif ölkə ordularının olması fonunda ayaq altında qalan dövlətin məhz Ermənistan olacağı anlamına gəlir. On görə də yaranmış vəziyyət Ermənistanın gələcək taleyini sual altına qoyur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin