İrandan göndərilən məhsulların ZƏRƏRLİLİYİ ARTIB – Baykot edilə bilərmi?

Hazırda oxunan: İrandan göndərilən məhsulların ZƏRƏRLİLİYİ ARTIB – Baykot edilə bilərmi?

124389

Son zamanlar İrandan ölkəmizə gətirilən bir sıra yeyinti məhsullarında insan orqanizminə zərərli viruslar aşkarlanıb. Sonuncu belə olay İrandan ölkəmizə gətirilən bibər məhsulunda baş verib.

Bu ölkədən idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna Azərbaycanda keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm-qonur qırışıqlıq virusu aşkar olunub.

Nəticədə həmin məhsula qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilib, onun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ Poliqonunda məhv edilib.
Qeyd olunub ki, cari ildə İrandan idxal olunması üçün edilmiş 3 müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.

Bundan əvvəl fevralın 21-də isə Qida Təhlükəsizliyi Agentliyi “Best Supply Company” MMC-nin İrandan idxal etdiyi 19 400 kq portağal məhsuluna qadağa qoyub. Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm - Sitrus tristeza virusu aşkarlanıb.

Görünən odur ki, son zamanlar İrandan ölkəmizə idxal olunan məhsullarda virus aşkarlanır.

Tehran rejimi deyəsən Azərbaycana qarşı siyasi terrorla yanaşı, ərzaq terroru da həyata keçirir. Belə vəziyyətdə istər-istəməz həmin ölkədən ərzaq və meyvə məhsullarının idxalına son qoyulması məsələsi gündəmə gəlir. Görəsən, İrandan ölkəmizə idxala son verilsə, nə baş verər? 

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, İran məhsullarını boykot etməyimiz ilk növbədə Tehranın özünə ziyan vuracaq: 

“İki ölkə arasında ticarət dövriyyəsinin həcminə baxsaq, İranın Azərbaycana satdığı mal və məhsulun həcmi əks istiqamətdə satılandan dəfələrlə çoxdur. Ümumi ticarət dövriyyəsi 2022-ci ildə yarım milyard dollara yaxın olub. Onun da 400 milyard dolları İranın Azərbaycana satışı ilə bağlıdır. Bu məntiqlə İran Azərbaycanla münasibətlərin daha yaxşı olmasında maraqlı olmalı idi.

Amma Tehran əlindən gələni etdi ki, Azərbaycanla münasibətlər korlansın. Son hadisələr fonunda yəqin ki, Azərbaycan tərəfi cənubdan gələn məhsulların daha ciddi yoxlamasını həyata keçirir. Bu da İrana ölkəmizə münasibətdə tutduğu siyasətdən əl çəkməsi üçün bir təzyiq vasitəsidir”. 

Ekspertin fikrincə, İrandan gələn məhsulların dayandırılması fonunda onun əvəzini tapmaq üçün Azərbaycan əlavə yollar tapmalıdır ki, daxildə qiymət bahalaşmasın:

“İrandan gələn məhsullar ucuz idi. Onların dayanması ilə həmin məhsulların analoqunu eyni qiymət diapozonunda İraq və Pakistandan gətirilən məhsullarla əvəz etmək olar. Belə olarsa, daxili bazarda qiymətlər artmaz. Məsələn, Pakistan İrandan gələn düyünün həcmini əvəz etmək qabiliyyətinə malikdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin