“Şəhərdə hələ də şok yaşanır, evlərimizə girə bilmirik” - Fəlakət zonasından XÜSUSİ REPORTAJ

Hazırda oxunan: “Şəhərdə hələ də şok yaşanır, evlərimizə girə bilmirik” - Fəlakət zonasından XÜSUSİ REPORTAJ

122157

Kahramanmaraşın Aksu məhəlləsində zəlzələdən əvvəl 7 mindən çox insan yaşayıb. Küçələrdə dağıntılar qismən nəzərə çarpır. Buna baxmayaraq bütün evlər zərər görüb. Bu səbəbdən də insanlar çadırlara sığınıb.

Bizim.Media-nın kamerasının obyektivinə tuş gələn ən pozitiv simalar yalnız uşaqlara aiddir.

Yaşlı insanlar isə evlərinin kandarında dayanıb yaranmış durumdan çıxış yollarını götür-qoy edirlər.

Azərbaycandan gəldiyimizi bilən hər kəs bizi çadırına dəvət edir, “kasıbın olanından” deyib isti çaya qonaq etmək istəyir. Bu mənzərə nə qədər xoş olsa da əzablı simaların psixoloji basqısı altında bizim də boğazımızdan su keçmir.

Çəkiliş apardığımız məhəllədə, burda insanlara köməklik göstərən həmyerlimiz Rauz Bəylərovla rastlaşırıq:

“İstanbulda yaşayıram. Səkkiz gündür gəlmişəm. Burada əsasən uşaqlar və yaşlıların çox olduğu məhəllələrdə ehtiyacı olanların yanında oluruq. Mən buna yardım deməzdim, qardaşlıq borcu deyərdim. Ona görə buradayam. Gücüm çatdığı qədər dəstək olacam".

Şəhərin mənzərəsi ağır müharibədən çıxmış bombalanmış ərazini andırır.

İnsanlar yavaş-yavaş acıya vərdiş etməyə başlayırlar. Artıq dağıntılar altından kiminsə sağ qalmasına ümidlər azalsa da hələ də qohumunu-qardaşını diri görmək ümidi ilə axtarış edənlərin yanında dolaşanlar da var.
Möcüzə isə artıq hər saat, hər gün baş vermir...

Bizim.Media olaraq Kahramanmaraşda müşahidələrimizi davam etdiririk. Reportajlarımız olacaq.
 




















Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin