Həkimlərimiz 2 yaşlı Alminanı nəzarətə götürdülər - Kahramanmaraşdan XÜSUSİ REPORTAJ

Hazırda oxunan: Həkimlərimiz 2 yaşlı Alminanı nəzarətə götürdülər - Kahramanmaraşdan XÜSUSİ REPORTAJ

122073

Qəhrəmanımız Kahramanmaraşın 2 yaşlı Alminasıdır. O, Ataş ailəsinin ikinci övladıdır.

Alminanın Ahmet adlı beş yaşlı qardaşı da var. Atası Hacı Ataş deyir ki, qəfildən Alminanın vəziyyəti pisləşib.

O, uşağı Fövqəladə Hallar Nazirliyinin tibb personalı və Azərbaycan Könüllü Həkimlər Assosiasiyası üzvlərinin fəaliyyət göstərdiyi səhra hospitalına gətirib.

Balaca Almina müayinə olunan zaman atası Hacı Ataş Bizim.Media-ya təbii fəlakət baş verən zaman yaşadığı dəhşətlərdən danışır:

"Saat 4 radələrində baş verən güclü silkələnməyə oyandıq. Tez çölə qaçdıq. Torpağın altından güclü uğultu səsləri gəlirdi. Elə bildik ki, qiyamət qopur. Təkanlar ara vermirdi. Zəlzələ nəticəsində 33 nəfər qohumumuz həlak olub. Qohumlarınızdan itkin olanı yoxdur. Hamısının meyitini tapıb dəfn etdik".
Hacı Kahramanmaraşda avtomobil eksperti işləyir. Onun iş yerinə ziyan dəysə də evi zəlzələdən ziyansız qurtulub. Xanımı Sibel Ataş evdar qadındır. İnsanların hələ də fəlakət şokunda olduğu halda pozitiv olmağa, gələcəyə nikbin baxmağa çalışır. Körpəsinin müayinə olduğu müddətcə onun yanından ayrılmır. Təqribən dörd saatdan sonra həkimlər Alminanın səhətində ciddi bir problemin olmadığı qənaətinə gəlirlər.

Assosiasiyanın üzvü, həkim-pediatr Fidan Xəlilova Alminanın hospitala gətirilən zaman səhətində olan problemlər haqda məlumat verir:

“Alminanın bura gətirilən zaman yüksək hərarəti vardı. İshal müşahidə olunurdu. Hazırda onun səhhəti normala dönüb. Alminanı vaxtaşırı müayinə edib səhhətini nəzarətdə saxlayacağıq”.
Kahramanmaraşda isə fəlakətin yol açdığı faciədən sonra sükut hökm sürür. İnsanlar fəlakətin şokunun təsiri altından çıxa bilmir. Bu, onların əhval-ruhiyyəsindən aydın sezilir. Ölümün cəngindən yaxa qurtaran insanlar həyatdan köçən yaxınlarının faciəsini qəlblərində daşıyırlar.

Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin