İranda mollaların SONU YAXINLAŞIR... – Pəhləvilərin hakimiyyətə qayıdışı nə vəd edir?

Hazırda oxunan: İranda mollaların SONU YAXINLAŞIR... – Pəhləvilərin hakimiyyətə qayıdışı nə vəd edir?

121236

Xəbər verdiyimiz kimi, 16-22 fevral tarixlərini əhatə edən Münhen Təhlükəsizlik Konfransı (MTK) öz işinə davam edir. Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılan konfransa bir çox ölkə liderləri və rəsmiləri qatılıblar.

Lakin qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslərin mərkəzi sayılan MTK-ya İran rəsmiləri dəvət olunmayıblar. Əvəzində Rza şah Pəhləvi dünyaca nüfuzlu konfransın dəvətliləri siyahısında yer alıb.

Dünya ictimaiyyəti molla rejimindən üz çevirir?

Məlumat üçün bildirək ki, Rza şah 1925-1979-cu illərdə İrana rəhbərlik etmiş Pəhləvilər sülaləsinin, dolayısı ilə ölkə taxtının varisidir. Və 44 ildir hakimiyyətə olan molla rejimi məhv Rza şahın atası Məhəmməd Rza Pəhləvini devirməklə iqtidara gəlməyi bacarmışdı.
İndiki situasiyada isə Rza şahın beynəlxalq səviyyəli platformaya dəvət alması bir sıra mətləblərdən xəbər verir:

Birincisi, şahın dəvəti onu göstərir ki, İranın hazırki rejimi artıq dünya tərəfindən legitim hökumət kimi qəbul edilmir. 

Bu da başadüşüləndir. Çünki İranın Yaxın Şərq regionunda terrorun əsas dəstəkçisi olduğu bütün dünyaya məlumdur. Digər tərəfdən, molla rejimi terroru dəstəkləməklə yanaşı, öz siyasəti ilə dünya təhlükəsizliyini də təhdid edir. Xüsusilə də, nüvə proqramına məhəl qoyulmaması, uranın zənginləşdirilməsinə davam edilməsi bunun əyani örnəkləridir.

Eyni zamanda, İran rejimi dövlət səviyyəsində qonşu ölkələri savaşla təhdid edəcək qədər sülh və sabitliyə təhlükə yaratmaqda davam edir.

İkincisi, Pəhləvilərin varisi Rza şahın dəvəti Qərbin İran hakimiyyətində görmək istədiyi qüvvənin adına da böyük ölçüdə aydınlıq gətirir. 

İranda etirazlar başlayandan bəri, molla rejimi üçün son akkordların çalındığı, hakimiyyətə yeni qüvvələrin gələcəyi ilə bağlı ehtimallar gün keçdikcə daha da artır. Yeni hökumətin kimin ətrafında təşkil olunacağı ilə bağlı bir çox qüvvələrin adı hallansa da, onlar içərisində ən real güc kimi görünəni elə Pəhləvilər idi. 

Ona görə ki, Pəhləvilər və onların dəstəkçiləri İranı tərk etsələr də, hakimiyyət iddialarından heç vaxt imtina etməyiblər. Digər tərəfdən, zamanında ABŞ və İngiltərənin müttəfiqi olan Pəhləvilər İslam İnqilabından sonra Qərb ölkələrində ciddi lobbi formalaşdırmağa nail olublar.
Və göründüyü kimi, Pəhləvilər artıq Qərb dairələri tərəfindən də ciddi qüvvə kimi qəbul edilir, dünya liderlərinin toplandığı kofransa belə dəvət alırlar.

Bəs, Pəhləvilərin taxta dönüşü İran siyasətini necə dəyişəcək?

Əksəriyyətimizi maraqlandıran da məhz bu sualın cavabıdır. Çünki molla rejimin həm Azərbaycana, həm də güneydəki soydaşlarımıza qarşı mövqeyi bəllidir. Eyni zamanda, Pəhləvilərin zamanında da Cənubi Azərbaycanda xalqımıza qarşı təzyiqlər olub.

Ancaq bir sıra faktorlar Pəhləvi iqtidarında İranın Azərbaycana, cənublu soydaşlarımıza qarşı siyasətinin mollalardan daha yaxşı olacağına ümid yaradır:

1. Pəhləvilərin öz səhvlərindən nəticə çıxarmaları üçün nə az, nə çox 44 il vaxtları olub. Onlar yaxşı anlayırlar ki, əvvəlki siyasətlərini yürütmələri heç bir fayda verməyəcək.

2. Artıq 44 əvvəlkidən fərqli olaraq regionda əsas güclərdən biri olan müstəqil Azərbaycan var. Bu istər rəsmi Bakı ilə dostluq münasibətlərinin qurulmasının vacibliyinə, istərsə də cənubi azərbaycanlıların yalnız olmadıqlarına dəlalət edən mühüm amildir.

3. Əgər Pəhləvilər hakimiyyətə gələcəklərsə, bunu ilk növbədə İran xalqı qəbul etməlidir. Yəqin ki, onlar da 1979-cu ildəki səhvlərindən nəticə çıxarıb, növbəti dəfə irticaçı rejimin formalaşmasına imkan verməzlər.

4. Qərb Pəhləvilərin hakimiyyətə qayıtmasını istəyirsə, deməli Rza şahın molla rejiminə bənzər sistem qurması da praktiki olaraq mümkün deyil.  

5. Rza şahın səfirliyimizə hücumu terror aktı kimi dəyərləndirməsi, cənubi azərbaycanlılara hörmətlə yanaşılmasının vacibliyini vurğulaması kimi məqamlar Pəhləvilərin gələcək siyasətinin ilk kontrları ilə bağlı müsbət fikir formalaşdırır.

Göründüyü kimi, molla rejiminin sonu, Pəhləvilərin isə hakimiyyətə gəlişi yaxınlaşır. Bu proses nə qədər tez və ağrısız bitərsə, bütün dünya üçün bir o qədər yaxşı olar. Əks təqdirdə, nüvə silahı əldə etmiş terror xislətli molla rejiminin nələr edə biləcəyini təxmin etmək çətin deyil... 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin