İranın Ermənistanın əsas ticarət partnyorlarından biri olduğu heç kimə sirr deyil. Belə ki, 2022-ci ildə İran-Ermənistan ticarət dövriyyəsi 700 milyon dollar həcmində olub. Bu 2021-ci illə müqayisədə 40 faiz artım deməkdir.
Enerji təminatı sahəsində İranın Ermənistan üçün xilaskar rolunu oynadığını desək, yanılmarıq. İstər rəqəmlər, istərsə də iki ölkə rəsmilərinin açıqlamaları bu istiqamətdə reallığı görmək üçün yetərlidir.
Digər tərəfdən, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində tərəflərin maraqlı olduğu da diqqətdən yayınmır. Son olaraq, İranın Türkiyədəki sabiq səfiri və ticarət nazirinin keçmiş müavini Firuz Dövlətabadi bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
İranlı diplomat “İLNA” nəşrinə açıqlamasında ölkəsinin Ermənistana ixrac etdiyi qazın həcminin az olmasından şikayətlənib:
“Biz Ermənistana gündə 1 milyon kubmetr qaz ixrac edirik, halbuki bu ölkənin tələbatının təxminən yarısına bərabərdir. Ermənistan Qafqaz regionunda İran üçün ən önəmli ölkələrdən biridir, lakin bizim bu ölkəyə bir milyon kubmetr əlavə qaz verməkdə çətinliyimiz var. Siyasi və geosiyasi baxımdan bu məsələ bizim üçün son dərəcə zərərlidir".
Bu açıqlamadan da göründüyü kimi Ermənistanda enerji təminatı sahəsində problemin yaranması İran üçün qəbuledilməzdir.
Bəs, Ermənistanın enerji təminatı ilə bağlı vəziyyət necədir?
Əvvəla, onu qeyd edək ki, Ermənistanın karbohidrogen ehtiyatları sarıdan yoxsul olması ölkəni enerji təminatında xarici mənbələrdən asılı vəziyyətə salıb. Ümumilikdə, Ermənistanın enerjiyə olan tələbatı üç əsas mənbə hesabına ödənilir:
1. Metsamor atom elektrik stansiyası. Ölkənin elektrik enerjisi tələbatının 25-40 faizi AES tərəfindən qarşılanır. Lakin Metsamorda gedən təmir işləri bu faizi yarıbayarı azaldıb.
2. Hidroelektrik stansiyaları. Yağıntıların miqdarından asılı olaraq elektirik enerjisinin 20-30 faizi SES-lər tərəfindən ödənilir.
3. Rusiya və İrandan idxal edilən qaz. Ölkənin elektrik enerjisinə olan tələbatın 40 faizi qazla işləyən istilik elektrik stansiyaları hesabına ödənilir. Ermənistanın təbii qaz tədarükündə əsas pay sahibləri isə Rusiya və İrandır.
Elektrik enerjisindən savayı, Ermənistanın təbii qaza olan tələbatı illik 2,5 milyard kubmetr təşkil edir ki, bunun da 1 milyardı İran-Ermənistan qaz boru kəməri hesabına qarşılanır.
Yəni, Ermənistanın təbii qaz ehtiyacının 40%-i məhz İran tərəfindən təmin edilir. 2022-ci ilin statistikasına görə, İran-Ermənistan ticarət dövriyyəsində qaz ixracının payı 22,7 faizə bərabər olub.
Lakin Ermənistan İrandan qaz tədarükünü artırmaqda maraqlıdır və bu istiqamətdə artıq ilkin addımlar da atılıb. Belə ki, 2022-ci il noyabrın 1-də iki ölkə arasında imzalanan sazişə əsasən, İrandan Ermənistana qaz nəqlinin 2 dəfə artırılması nəzərdə tutulub.
Bu isə iqtisadi məsələrlə yanaşı, siyasi səbəblərlə də bağlıdır. Xüsusilə də, Ermənistanın Rusiyadan uzaqlaşmaq siyasətini seçməsi ölkəni alternativ mənbələrə yönəlməsi ilə nəticələnib.
Əks təqdirdə, Ermənistanın belə bir addım atmasının iqtisadi əsası ola bilməzdi. Çünki Ermənistan Rusiyaya idxal etdiyi qazın hər min kubmetri üçün cəmi 165 dollar ödəyir ki, bu dünya bazarlarındakı qiymətlərdən 6-7 dəfə daha aşağıdır.
Onu da qeyd edək ki, İran-Ermənistan qaz kəmərinin ötürmə gücü 5 milyard kubmetrə yaxındır. Bu isə ehtiyac yaranacağı təqdirdə, Ermənistanın qaz tələbatının sadəcə İran hesabına artıqlaması ilə ödənilməsinə imkan verir.
Göründüyü kimi, İran-Ermənistan dostluğu təkcə siyasi deyil, iqtisadi tellərlə də bağlanıb. Və Rusiyanın çətiri altından uzaqlaşmağa çalışan Ermənistan İranın kölgəsində gizlənməyə çalışır.
Amma İran rəsmisinin açıqlamasından da göründüyü kimi, qaz ixracatçısı olan ölkə Ermənistana 1 milyard kubmetr qaz tədarük etməkdə belə çətinlik çəkir. Yəni, kor topala qoşulub labirintdən çıxmağa çalışır...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
14:45 / 14.02.2023
İran QAZI Ermənistana hansı YOLLA gedir? - Ölkələrarası qardaşlığın RƏQƏMLƏRLƏ İFADƏSİ
Hazırda oxunan: İran QAZI Ermənistana hansı YOLLA gedir? - Ölkələrarası qardaşlığın RƏQƏMLƏRLƏ İFADƏSİ
Hazırda oxunan: İran QAZI Ermənistana hansı YOLLA gedir? - Ölkələrarası qardaşlığın RƏQƏMLƏRLƏ İFADƏSİ
120393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.