Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altında qalan Malatya İnönü Universitetinin 4 azərbaycanlı tələbəsi ilə bağlı 9 gündür ki, hər hansı məlumat yoxdur. Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin axtarışları isə davam edir.
Malatyada 7 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan tələbələrin zəlzələ baş verən gün evdə olduqları bildirilsə də, axtarış-xilasetmə işlərində onlarla bağlı heç bir iz tapılmayıb. Xilasedicilərin bildirdiyinə görə həmin bina toz halına düşüb, dağıntılar altında isə artıq heç kim qalmayıb.
MÖVZU İLƏ BAĞLI:
6 gündür dağıntılar altında qalan azərbaycanlı tələbənin ANASI – “Sağ çıxanlar var, ümidliyəm”
Ötən gündən etibarən axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər cəlb edilib. Amma tələbələrlə bağlı iz yoxdur. Bu isə azərbaycanlı tələbələrin itkinlər siyahısında olma ehtimalını artırır.
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Bizim.Media-ya açıqlamasında axtarışların dayandırılmadığını deyib:
“Həmin binada axtarışlar dayanmayıb. Ümumiyyətlə, həmin gecə tələbələrin yaşadıqları binada olub-olmadığını da demək çətindir. Ona görə gözləmək lazımdır”.
Tələbələrimizin itkinlər siyahısında olub-olmamasına gəlincə XİN rəsmisi bildirib ki, indidən bu barədə nəsə demək çətindir.
Azərbaycanın Türkiyədəki səfirliyinin sözçüsü Aygün Qocayeva isə saytımıza tələbələrin adlarının axtarışda olanlar siyahısında olduğunu bildirib:
“Axtarışlar davam edir. Mütəmadi olaraq biz də əlaqə saxlayırıq. Tələbələrimiz axtarışı davam edənlər siyahısındadırlar”, - deyə səfirlik rəsmisi əlavə edib.
Tələbələrin doğmaları da ümidlərini üzməyiblər.
9 gündür gözü yolda, qulağı səsdə olan Şahin Verdiyevin anası Esmira Hüseynova Bizim.Media-ya oğlu ilə bağlı yaxşı xəbər alacağına ümidli olduğunu deyib.
Alçina Amilqızı, Bizim.Media