Bizim.Media “Əl-Cəzirə” telekanalına istinadən məlumat verir ki, İranın kəşfiyyat naziri Mahmud Ələvi dünən İran televiziyasına verdiyi açıqlamada nüvə silahının hazırlanması ehtimalını istisna etməyib.
Kəşfiyyat naziri Tehrana qarşı sərt beynəlxalq sanksiyaların qüvvədə qalacağı təqdirdə ölkəsinin nüvə silahı əldə edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
MÖVZU İLƏ BAĞLI:
Co Bayden: "İrana qarşı sanksiyalar davam edəcək" - VİDEO
Nazirin fikrincə, rəsmi Tehran uzun müddət nüvə proqramından yalnız elektrik enerjisi istehsalı və tibbi tədqiqatlar kimi dinc məqsədlər üçün istifadə etdiyi qeyd edib.
Ölkənin ali dini lideri Xameneyinin 90-cı illərdə nüvə silahı ilə bağlı verdiyi fətvasını xatırladan Ələvi, dini cəhətdən də nüvə silahının qadağan olunduğa diqqət çəkib.
Ələvi, "Nüvə proqramımız dinc məqsədlidir və ali liderin fətvası nüvə silahlarını qadağan edib. Ancaq İranı bu istiqamətə yönəlməyə məcbur etsələr, bunun günahı İranda deyil, onu bura yönəldənlərdə olacaq" deyə qeyd edib.
"Pişiyi küncə sıxışdırsanız, adi pişikdən çox daha fərqli davrana bilər" deyə qeyd edən nazir, İranın indiki şərtlərdə nüvə silahına doğru irəliləməyi planlaşdırmadığını da əlavə edib. Lakin əgər sanksiyalar davam edərsə, İran bu məsələdə də fərqli davranmağa məcbur olacaq.
Xatırladaq ki, son günlərdə İranın ali dini lideri Xameneyi İranın nüvə sazişinə əməl etməsi üçün ön şərt kimi bütün xarici sanksiyaların ləğv olunmasını tələb edib.
ABŞ-ın yeni prezidenti Co Bayden isə verdiyi açıqlamada açıq şəkildə Vaşinqtonun nüvə sazişinə qayıtması ilə bağlı ilk addımı atmayacağını bildirib.
Analitiklərin fikrincə, Co Baydenin seçilməsi İran və ABŞ arasındakı münasibətlərin yumşalacağını ehtimal olunurdu. Ancaq göründüyü kimi, münasibətlər daha da gərginləşməkdə davam edir.
İran nüvə sazişi məsələsində mümkün olduğu qədər daha böyük qazanclar əldə etmək istəyir. Bu məqsədlə də vaxtaşırı müxtəlif dövlət rəsmilərinin dili ilə nüvə proqramını genişləndirməklə bağlı təhdidlərə yer verir.
Digər tərəfdən ABŞ və Avropa ölkələri ilə İran arasında imzalanmış nüvə sazişinin müddəti də bitmək üzrədir. İran mövcud müqaviləyə qayıtmaqdansa, daha fərqli diplomatik şərtlər altında ikinci müqaviləyə keçməyi üstün hesab edir.
Bu baxımdan İranın istəyi də mövcud müqavilə müddəti sona çatana qədər danışıqlar prosesini ləngitməkdir. ABŞ və müttəfiqlərinin İranın bu davranışa necə reaksiya verəcəkləri isə maraqla qarşılanır.
Rəvan Əliyev, Bizim.Media