İran Azərbaycanın təsirinin artmasından ehtiyat edir

Hazırda oxunan: İran Azərbaycanın təsirinin artmasından ehtiyat edir

110765

Naxçıvan Muxtar Respublikasını Azərbaycanın şərq rayonları ilə birləşdirmək üçün nəzərdə tutulan “Zəngəzur dəhlizi” layihəsi təkcə Cənubi Qafqazın inkişafına deyil, həm də türk dünyasında ticarət, logistika və siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verə bilər. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Anadolu” agentliyinə beynəlxalq əlaqələr üzrə türkiyəli ekspert Ayşegül Ketenci deyib.

O xatırladıb ki, 2020-ci ilin İkinci Qarabağ Müharibəsi regionda qüvvələr balansının tamamilə dəyişməsinə səbəb olub, Cənubi Qafqazda uzunmüddətli sülh və firavanlığa yol açıb.

Azərbaycan və Ermənistan arasında müharibəyə son qoymağa imkan verən üçtərəfli bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxarılması və regionda nəqliyyat əlaqələrinin bərpası da nəzərdə tutulurdu.

“Nəqliyyat əlaqələrinin bərpası, eləcə də yenilərinin yaradılması uzun və çətin prosesdir. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması Xəzər dənizi ilə yeni marşrutun yaradılmasına imkan verəcək. Bu da Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında yüklərin sürətli çatdırılmasını təşkil etməyə imkan verəcək”, - ekspert qeyd edib. 

Ketenci Zəngəzur dəhlizi təşəbbüsünün İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə başda olmaqla bir çox ölkənin maraqlarına toxunacağına diqqət çəkib.

Özünü regional güc kimi göstərən İran Azərbaycanın, o cümlədən İslam Respublikasında yaşayan azərbaycanlıların təsirinin və “cəlbediciliyinin” artmasından ehtiyatlanır. Tehran hesab edir ki, Zəngəzur dəhlizi həm də İranın Ermənistanla əlaqələrini “qıra” və İranın Qara dənizə girməsinə mane ola bilər.

Bu baxımdan İran tərəfi Zəngəzur dəhlizi ideyasını sərhədlərin yenidən cızılması və geostrateji ziyana doğru atılan addım kimi qiymətləndirir. Qara dənizə və Rusiya Federasiyasına gedən yoldakı maneələr Tehran tərəfindən “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Qafqazda təsirin azaldılması və tranzit ölkə rolunun itirilməsi faktoru kimi qəbul edilir.
İrandan gələn bu kimi arqumentlərlə yanaşı, Zəngəzur dəhlizi ilə bağlı qorxuların əsas səbəbi Azərbaycan və Türkiyənin regionda aktivləşməsidir. Azərbaycan və Türkiyə İkinci Qarabağ müharibəsi zamanı bölgədə öz qüvvələrini nümayiş etdirib.

İran yuxarıda sadalanan amillərlə yanaşı, Türkiyə və Azərbaycanın güclənməsindən də narahatdır. Bu da regionda güc balansını Tehranın ziyanına dəyişə bilər.

Onu da qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya təmin edəcək. Bu da Moskvanın xeyrinə daha bir kozırdır.

Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd etmək yerinə düşər ki, Zəngəzur dəhlizi məsələsi region ölkələrinin gündəmində qalmaqdadır.

Bu nəqliyyat arteriyası türk dünyasının yüksələn ulduzuna çevrilə bilər, lakin onun potensialını açmaq üçün çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və ona “uzunmüddətli təməl” qoymaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin