Rusiya LİMİT ALTINDA – “Neftin qiyməti ucuzlaşmağa doğru gedir”

Hazırda oxunan: Rusiya LİMİT ALTINDA – “Neftin qiyməti ucuzlaşmağa doğru gedir”

108187

Xəbər verdiyimiz kimi, dekabrın 5-dən etibarən Rusiya neftinin alışına qiymət limiti tətbiq edilməyə başlanılıb. Belə ki, Avropa İttifaqı və G7 ölkələrinin qoşulduğu qərara əsasən, Rusiya nefti üçün maksimum qiymət olaraq 60 dollar müəyyənləşdirilib.

Bəs, bu qərarın neft qiymətlərinə təsiri necə olacaq?

Sualı Bizim.Media üçün cavablandıran Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, Rusiya neftinə limit tətbiq etmək qərarı iki başlıca məqsədə fokuslanıb:

“Birincisi, qlobal bazarda neft qiymətlərinin ucuzlaşmasına nail olmaq. Çünki Qərb ölkələri hesab edirlər ki, Rusiyanın 24 fevralda atdığı addımlar nəticəsində qlobal bazarın onilliklər boyu yaradılmış ticari əlaqələri pozulub.
Bunun nəticəsində risklər yüksəlib və qiymət real bazar qiymətlərindən yüksək həddə çatıb.

İkinci hədəfsə, Rusiyanın neftdən gələn gəlirlərinin azalmasına nail olmaqdır.

Müvafiq olaraq, dekabrın 2-3-də Aİ və G7 bu qərarı təsdiqlədikdə London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 85,6 dollar idi. Bazar ertəsi qiymət 87 dolları aşdı. Bu gün isə neftin qiyməti 80-81 dollar ətrafındadır. Bu da 2022-ci ilin 11 yanvarından sonra ən aşağı göstəricidir. Faktiki olaraq qərarın təsiri özünü göstərib və qiymətlər ucuzlaşmağa doğru gedir”.

Ekspertin fikrincə, hələlik neft bazarı qiymət stabilliyindən xeyli uzaqdır:

“Qiymətlərin artım və azalmasını hələ bir müddət də müşahidə edəcəyik. Çünki istər Rusiya, istərsə də Qərbin bəyanatları bazarı müəyyən zaman çərçivəsində silkələməyə qadir olacaq. Bazarın bütün bu təlatümlərə alışması isə zaman alacaq. Yəni ola bilər ki, bu gün neft qiymətləri 80 dollardan aşağı düşsün, sabah isə 85-ə qalxsın. 

Ümumilikdə isə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarından çıxış etsək, təqribən 4 ay sonra dünya bazarına çıxarılan neftin həcmi 1,4 milyon barel azalacaq. Digər ssenarilərə görə bu rəqəm 1,7-2 milyon barel ola bilər.
Lakin bu o demək deyil ki, dünya neft sarıdan qıtlıq şəkəcək. Çünki bazara əlavə həcmləri gələn ildən etibarən, ABŞ, Səudiyyə Ərəbistanı, Venesuela, İraq və Liviya kimi ölkələr çıxarmaq gücündə olacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin