İran xarici işlər naziri Məhəmməd Cavad Zərif paytaxt Tehranda Əfqanıstan hökuməti ilə sülh danışıqlarını davam etdirən Taliban heyəti ilə görüşüb.
Görüş zamanı Zərif İranın Əfqanıstanda bütün etnik və siyasi qrupları əhatə edən hökumət qurma fikrini dəstəklədiyini qeyd edib. Qruplar arasındakı danışıqlara hər cür dəstək verməyə hazır olduqlarını bildirən Zərif, ölkədəki işğal və müharibənin Əfqanıstan xalqına çətin anlar yaşatdığına da diqqət çəkib.
MÖVZU İLƏ BAĞLI:
İranın “Zərif turne”si Azərbaycanın dəmir gücünə əsaslanır
Digər tərəfdən, Talibanın Qətər Ofisinin sözçüsü Məhəmməd Naim Vardak görüşlə əlaqədar açıqlama verib. Açıqlamada Vardak, "Əfqanıstandakı vəziyyət, Əfqanıstan və İran arası danışıqlar, Doha Sazişinin tam həyata keçirilməsi, Əfqanıstanda və bölgədə sülh və təhlükəsizliyin zəruriliyi müzakirə edildi", deyə qeyd edib.
Vardak iki ölkə ilə əlaqəli məsələlərin qiymətləndirildiyi görüşün müsbət keçdiyini vurğulayıb.
Xatırladaq ki, Taliban uzun müddət terror təşkilatı kimi qəbul edilirdi. Lakin son illərdə ABŞ başda olmaqla bir sıra dövlətlər tərəfindən Əfqanıstanda sülhün təmin olunmasında tərəf müqabili kimi qəbul olunub.
Rəvan Əliyev, Bizim.Media