Çalxalanan İran və başını itirmiş molla rejimi - FOTO

Hazırda oxunan: Çalxalanan İran və başını itirmiş molla rejimi - FOTO

103089

İranın uzun illər Azərbaycana qarşı davamlı təhdidləri artıq əndazəni aşıb. Vəziyyət o həddə çatıb ki, rəsmi Bakı cavab vermək məcburiyyətində qaldı. Bu da təsadüfi deyildi, çünki molla rejimi 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın Qarabağda dünyanı heyrətə salan qələbələrini həzm də bilmir, müxtəlif təxribatlara əl atır, hər vəchlə ermənipəsrəst mövqe nümayiş etdirirdi. İran din qardaşlığını öz imperialist maraqlarına və ideoloji, ayrımçı siyasətinə qurban vermiş, Qarabağda günahsız qanı tökülən müsəlmanların taleyini görməzdən gəlirdi. 

İşğalçı ölkəyə hər cür maddi və mənəvi dəstəyini ifadə edən Tehran rejimi Zəngəzur dəhlizi, sərhədlərin demarkasiya və delimitasiyası prosesində isə iç üzünü tam ortaya qoydu. 

Bütün bunlar isə rəsmi Bakının diqqətindən yayınmır, vaxtaşırı ölkə başçısı və rəsmilərimiz İranın bu qərəzli mövqeyi ilə bağlı ciddi mesajlar verirdilər. 



Arazı ayıranlar... 

Azərbaycanlıların qələbə sevinci və Qarabağın işğaldan hərbi güc yolu ilə azad edilməsi isə İran üçün ciddi bir xofa çevrilmişdi. Hətta, bunu cənab Ərdoğanın Bakıda Zəfər Gününə həsr olunmuş paradda səsləndirdiyi “Arazı ayırdılar...” bayatısından dərhal sonra da müşahidə etmək mümkün oldu. İranın molla rejimi Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət bildirdi və bu artıq qorxunun külminasiya nöqtəsi idi... 

Azərbaycanın qələbələrini və inkişafını həzm edə bilməyən molla rejimi dəfələrlə Azərbaycanı hərbi güclə təhdid etmiş, Ermənistana göndərilən yardıma etiraz edən cənublu soydaşlarımıza qarşı divan tutmuş, rəsmi Bakının xoşmərəmalı münasibətlərinə aqressiv reaksiya vermişdi. 
Son aylarda isə hətta Paşinyandan da artıq ermənipərəst mövqe sərgiləyərək sərhədlərin demarkasiya və delimitasiyasını qəbuledilməz sayırdı... İndi də o mövqeyindən çəkilmir. Azərbaycanla sərhədə ordu çıxarmaq isə artıq təhdid və meydan oxumaq həddinə gəlib çatmışdı...



Bədheybət İran və ya molla rejiminin qorxuları...

Amma indi mənzərə bir qədər dəyişib, İrandakı molla rejminin zülmlərinə etiraz edən iranlılar da ayağa qalxıb etiraz edir. Rejimin isə onlara divan tutması, həbslə, qətl törətməklə susdura bilməməsi və ölkənin çalxalanması molla rejiminin qorxularını daha da artırıb. İnsan hüquq və azadlıqlarına qarşı repressiya maşınına çevrilmiş molla rejimi bütövlükdə İranı “xalqlar həbsxanası”na çevirib. Bu etirazların Cənubi Azərbaycanda da geniş vüsət alması və tarixi şəhərimiz olan Təbrizin aksiyaların mərkəzlərindən birinə çevrilməsi isə İranda molla rejiminin idarəetmə resurslarını tükədir...

Belə bir şəraitdə molla rejimi öz aqressiv siyasətini məhz Azərbaycana qarşı yönəldib. Amma rəsmi Bakı strateji və düşünülmüş siyasəti ilə molla rejiminin planlarını pozur, onu çaş-baş salıb. 




İran fərqində deyil ki, indi 90-ci illərin əvvvələrindəki zəif Azərbaycan yox, Cənubi Qafqazın, ümumilikdə regionun siyasi xəritəsində güclü oyunçuya çevrilmiş bir ölkə var. 

Azərbaycan Silahlı Qüvvələrinin ölkənin cənub sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlərə başlaması isə daxili sabitliyin pozulmasından başını itirmiş molla rejiminə ciddi bir cavab idi, yəni “ayağını dəng al”.

Son günlər dünyanın siyasi düzənində baş verən proseslər də İranla bağlı ciddi planların olduğundan xəbər verir. ABŞ prezidenti Co Baydenin “İranın tezliklə azad edəcəyik” fikri də bu kontekstdə vəziyyətin mürəkkəbliyindən xəbər verir. Ukraynada günahsız insanların öldürülməsinə görə Rusiyaya dronlar, PUA-lar verən İran ciddi şəkildə cəzalandırılacaq – bu şübhəsizdir. Lakin molla rejimi öz yanlış siyasətinin günahını özündə axtarmalı idi, Azərbaycanı, Qafqazın sülhməramlı bir ölkəsini təhdid etməkdə yox... 



Azərbaycanın atdığı strateji addımlar...

Bir neçə gün öncə İranın rəsmi “İrna” agentliyi xəbər yaydı ki, Azərbaycan Prezidenti Tehrana rəsmi səfərə dəvət olunub, amma Bakı bu dəvətə müsbət cavab verməyib. Bundan sonra İranın Parlament sədrinin Azərbaycana səfəri də təxirə salındı.

Ali Baş Komandan cənab İlham Əliyevin “Dünyada yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanların sayından çoxdur” tezisi isə İrandakı teokratik rejimə bir ibrət dərsi idi... 

Görünən odur ki, İran artıq gerçəyi anlamağa başlayıb və Azərbaycanın göstərdiyi güc, siyasi iradə qarşısında geri çəkildi... Bu, Bakının tarixi qələbəsi idi. Son 30 ildə ilk dəfə idi ki, molla rejimi bu qədər yalvarıcı bir tərzdə görünməyə başlamışdı...
Dünyanın siyasi mənzərəsi və geopolitik dəyişimlər isə onu göstərir ki, İrandakı molla rejimi “son baharı”nı yaşayır. Çalxalanan İrandakı daxili etirazlar başını itirmiş molla rejimi üçün ciddi bir siqnaldır. Bu, onu göstərir ki, çox da uzaq olmayan bir gələcəkdə molla rejimi başını – idarəetməsini tam itirəcək və İrandakı xalqlar, eyni zamanda, bütövlükdə İran tam azad bir ölkəyə çevriləcək. Bu rejimi nə qonşuları hədələmək, nə də ermənipərəst mövqeyi xilas edə bilər...



Vasif Həsənli, Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin