“İran parçalanacaq, bundan sonra muxtariyyət ola bilməz” – Cənublu fəaldan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “İran parçalanacaq, bundan sonra muxtariyyət ola bilməz” – Cənublu fəaldan ÖZƏL AÇIQLAMA

101606

“Son 8 ildə İranda hər il ümumi aksiyalar dalğası olur. Onların heç birində Azərbaycan fəal iştirak etməyib və bu tarixi səbəblərlə bağlıdır. Çünki biz hər zaman İranda inqilab etmişik, lakin nəticədə o, bir xəncərə çevrilib, farslarsa onu bizim kürəyimizə saplayıblar”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyədə yaşayan güneyli fəal, jurnalist-yazar Həsən Kərimzadə bildirib.

Onun sözlərin görə, son illərdə İranda baş verən nümayişlər uzun müddət davam etməyib:

“Lakin bu dəfə Məhsa Əmininin qətli bardağı daşıran son damla idi. İranda bu etirazlar, qiyamlar eynən son illərdəki kimi baş qaldırdı. Və bu dəfə kürdlər, ərəblər, bəluclar, farslar və digər bütün etnoslar Azərbaycana müraciət etdilər. Dedilər ki, “Təbriz səhnəyə gəlməsə, eynən son illərdəki etirazlar formasında, ildırım kimi parlayıb, sönəcək, bir həftə davam gətirməyəcək”.

Başqa etnoslar da bunu dərk etdilər ki, Azərbaycan türkü qalxmadan inqilab nəticəsiz qalacaq”.

Güneyli fəal aksiyalarda səsləndirilən şüarlara da xüsusi diqqət çəkib:

“Digər aksiyalarda yenə də fars etnosunu önə çıxaran, digər xalqları ikinci plana atan şüarlar var idi. Bu da mərkəzi hökumətin lehinə olan məqam idi. Güney Azərbaycan öz qiraətilə “azadlıq, ədalət, milli hökumət” şüarları ilə qalxdı. Bu şüar bizə Pişəvəridən gələn fəlsəfədir ki, yeni ədalətli türk hökumətinin qurulmasının göstəricisidir. Yaxud da, digər bir şüar, “Azərbaycan qızları, türk ulduzları”na baxaq. Türk tarixində hər zaman qadınlar azadlıq yolunda öndə gediblər. Bu şüarımız Azərbaycan qadınlarının tarixi qəhrəmanlığının nişanəsi idi. “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” şüarı da bu qəbildəndir. Babək bizim tarixi və milli qəhrəmanımızdır. Azərbaycan öz qəhrəmanına güvənib meydana çıxıb”.

Həsən Kərimzadənin sözlərinə görə, Azərbaycan meydanlara çıxdıqdan sonra, əvvəlki illərdən fərqli olaraq etirazlar əvvəlkilər kimi bir həftə davam edib sönmədi:

“Bu, Azərbaycanın bu günkü aksiyalarda rolunun bariz nişanəsidir. Artıq 40 gündən çoxdur ki, etirazlar davam edir. Bunu başqa etnoslar da etiraf edirlər. Oktaybrın 30-da isə digər türk qadını Hədis Nəcəfinin qırxıdır. Həmin gün də bütün etnoslar, qəhrəman türk qadının anım günündə meydanlara axacaqlar. Əgər Azərbaycan səhnədədirsə, qiyam nəticə qazanacaq”.

Jurnalist-yazar etirazların nəticəsi olaraq, Cənubi Azərbaycanda muxtariyyət və ya müstəqilliyin əldə olunması ehtimallarını da dəyərləndirib:

“İndiki fars rejimini, SSRİ-nin son dönəmlərindəki rejimlə müqayisə edə bilərik. Bu gün rejim iki yol ayrıcındadır. Ya hökumət qeyri-farsların əlinə keçməlidir və onların iştirakı, Azərbaycanın öndərliyi ilə hökumət qurulmalıdır. Necə ki, Pəhləvilərdən öncə hakimiyyətdə türk sülalələri olub. Yüz illər boyunca şahlar Təbrizdə təyin olunub. Ya da Sovetlər kimi İran da parçalanmalıdır və hər millət özünə müstəqil hökumət qurmalıdır. Bu da təbiidir ki, İranda Güney Azərbaycan və Qaşqaylar, Türkmənistan, Xorasan kimi türk dövlətləri yaranacaq.

Farslar dövlətin bütöv qalmasını istəyirlərsə, ilk variantı qəbul etməlidir. Əks təqdirdə İran parçalanacaq. İranda bundan sonra muxtariyyətdən söhbət gedə bilməz. Hər etnosun öz müstəqil dövlətləri yaranacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin