Kürdəmir məktəbinə basqınla bağlı Rəsmi AÇIQLAMA – “Valideynlə müəllimi kompromisə gətirə bilmirik”

Hazırda oxunan: Kürdəmir məktəbinə basqınla bağlı Rəsmi AÇIQLAMA – “Valideynlə müəllimi kompromisə gətirə bilmirik”

99949

4 gün əvvəl Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinə basqın edildiyini və həmin məqamı əks etdirən videogörüntüləri ictimailəşdirmişdik.

Həmçinin Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun, icra hakimiyyətinin nümayəndələrinin və “press” geyimində “jurnalist”in ibtidai sinif müəllimi Xatirə Əhmədovanın dərsinə qəfil daxil olaraq onu  dəhlizə çıxardıqlarını, şagirdlərin bu mənzərədən qorxuya düşdüklərini qeyd etmişdik.

Olayla bağlı Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov Bizim.Media-ya açıqlama verib. Onun sozlərinə görə səbəb valideynlə müəllim arasındakı şəxsi münasibətlərin məktəbə daşınmasıdır:

“Valideyn tərəfindən mənə müraciət olunmuşdu. Təhsil Şöbəsinin məsləhətçisi ilə məktəbə getdim və valideyn Elşən Abdulovla əlaqə saxlayıb gəlməsini istədim. Az sonra valideyn “press” yazılmış şəxslə məktəbə daxil oldu. Şəxs çəkiliş aparmaq istəsə də, “məktəb qapalı təşkilatdır, buna yol verilmir, siz bura müdaxilə edə bilməzsiniz” dedim. O da binadan çıxdı. Yəni “press” işçisi nə bizlə ora gedib, nə də məktəbdə çəkilişi olub”.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmir məktəbində şagirdlərin ağladığı görüntüləri çəkən müəllim CƏZALANDIRILDI 


​​​​​​​Rəfail Məmmədovun sözlərinə görə müəllim tərəfindən valideynə güzəşt olmadığına görə vəziyyət bu şəkli alıb:

“Ötən il də, bu il də Xatirə xanıma tövsiyyə etdik ki, valideynlə olan münasibətlər sinfə gətirilməsin. Müəllimə iddia edir ki, Elşən Abdulov ona silah çəkir, onu təhqir və təhdid edir. Ona izah etdim ki, bu barədə hüquq mühafizə orqanlarına müraciət edə bilər.

Elşən Abdulov iddia edir ki, müəllim uşağını incidir, yerə zibil tökür və təmizlədir. Mən şagirdlərlə görüşdüm və ayrı-ayrılıqda söhbət etdim.

Məlum oldu ki, sinifdə növbətçi ayrılır və hamı sinfin təmizliyinə baxır. Bu, yaxşı haldır və Xatirə xanımın da özünə dedim. Valideynin bu iddiası əsassızdır.  Xatirə xanım bu məsələdə şagirdlər arasında ayrıseçkilik etmir. Digər iddiaları da həll etmək üçün onların ikisi ilə birgə söhbət etməliyəm. Bu isə mümkün olmur. Halbuki onlar kompromisə gəlsə, məsələ çözülər”.

Rəfail Məmmədovun sözlərinə görə artıq üçüncü dəfədir ki, bu olaydan ötrü məktəbə gəlir, tərəflər isə heç cür ortaq məxrəcə gəlmir:

“Müəllim valideyndən qorxduğunu iddia etdiyi üçün onunla görüşməkdən imtina edir. Halbuki kompromis variant olmalıdır. Yaxşı şagird oxumursa, dərsdən qalırsa, müəllim bunu kimə deyəcək? Axı o, ziyalı gözündən yanaşmalıdır. Ötən il də Xatirə xanıma dedim ki, əlavə dəftər tutsun və şagirdə yenidən yazmağı, oxumağı öyrətsin.  Elşən Abdulovla isə ötən gün söhbətimiz olub və ona da izah etdim ki, oğlunu başqa sinfə keçirmək üçün paralel sinif yoxdur”.

Təhsil şöbə müdiri növbəti dəfə məktəbdə olcacağını və problemi bir şəkildə yoluna qoyacağını bildirib.

Məsələ ilə bağlı saytımıza danışan Elşən Abdulov isə sözügedən müəllimlə heç bir şəxsi ədavəti olmadığını qeyd edib:

“Mən Xatirə xanıma hər zaman hörmətim olub. Heç bir şəxsi qərəzim yoxdur. Yolda piyada getdiyini görəndə maşını saxlayıb onu gedəcəyi ünvana aparmışam. Sadəcə oğlumla nə prinsipi var bilmirəm.

Uşaq evdə danışdı ki, müəllimə gülün torpağını yerə töküb, ayağı ilə yayaraq ona təmizlədib. Bir sinifdə oxuduqları üçün qardaşım qızı da eyni şeyi təkrarladı. Uşaqları niyə alçaldır? Xatirə xanım olmasın, başqası olsun, uşağıma dərs keçsin. Özüm yetimçiliklə böyümüşəm. Oğlumun təhsil almasını istəyirəm.

Dəftərinə bir hərf yazdırsın, mən də məşğul olum. Rəfail müəllimdən xahiş edirəm ki, paralel sinif yoxdursa, Ayxanı birinci sinfə keçirsinlər. Məni müəllimlə vuruşdurmayın. “Mümkün deyil”, deyirlər. Kənddəki digər məktəblər isə evimə uzaqdır.

Mənim müəllimlə heç bir işim yoxdur. Qaldı ki, silahla atəş açmağa, qudurmamışam ki, silahı müəlliməyə tuşlayım. Mənim sənədlə silahım var və bir dəfə göyə atmışam. Qonşu da görüntülərini çəkib”.
Elşən Abdulov 4 gün əvvəl məktəbə etdikləri basqınla bağlı məsələyə də toxunub:

“Xatirə xanım oğlumla bir sinifdə oxuyan qardaşım qızını ayaqyoluna buraxmadığı üçün, uşaq oturduğu yeri batırmışdı. O məsələ ilə bağlı məktəbə getmişdik. Jurnalisti də ona görə gətirdik. Mən sadəcə oğluma normal dərs keçilməsini və bu məsələnin həlli üçün yardım istəyirəm. Mənə bir yol göstərin”, - deyə valideyn qeyd edib.

Xatirə Əhmədova isə valideynin iddialarının əsassız olduğunu, şagirdlərinə qarşı heç bir ayrıseçkilik etmədiyini və problemlə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin