Azərbaycanda 2022-ci il yanvarın 1-dən meyitdən alınmış orqanların insanlara köçürülməsinə dair qanun qüvvəyə minib. Hazırda bu məsələ üzərində işlər aparılır və sosial-hüquqi baza yaradılır.
Zaman-zaman orqan transplantasiyası və ya onun bağışlanması kimi mövzular hələ də ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Hətta orqanlarını bağışlamaq istəyən şəxsləri fikrindən daşındırmağa, dediklərini isə qəbul etməməyə çalışırlar. Elə həmin qınağa tuş gələn Bakı sakini Tərlan Hüseynov kimi. O deyir ki, həyatdır, başıma hər hansısa iş gələrsə, heç olmasa orqanlarım ehtiyacı olanlar üçün faydası olsun:
“Mən istəyirəm ki, vəfat etdikdən sonra bəzi orqanlarımı ehtiyacı olan şəxslərə vəsiyət edim. Torpağın altında çürüyüb gedənə qədər bir işə yarasın. Amma yaxınlarım buna etiraz edir, qətiyyən bu istəyimi dəstəkləmirlər...”
Əslində bu məsələ bir sıra inkişaf etmiş ölkələrdə normal şəkildə qəbul olunur hətta təqdir də edilir. Amma ölkəmizdə istər mental, istərsə də digər məsələlərə görə, “orqan bağışlamaq” qavramı düzgün başa düşülmür. Həmçinin bu addımı dinlə əlaqələndirərək günah hesab edir və ya ölən şəxsin “ruhu inciyər” kimi fikirlər səsləndirirlər.
Bu fikirlər həqiqəti hansı dərəcədə əks etdirir?
İlahiyyatçı Tural İrfan Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Qurani Kərim və Hədisi şəriflərdə orqan və toxuma köçürülməsi mövzusunda açıq bir hökm yoxdur:
“Lakin Qurani-Kərimin Maidə surəsinin 32-ci ayəsində deyilir ki, bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır. Ona görə də insan dünyasını dəyişdikdən sonra orqanlarını özü ilə birgə torpağa aparmaqdansa, ehtiyacı olan şəxsə verməsi, onu ağrı, əzabdan qurtarması daha savab əməldir.
Tanrının bizə bəxş etdiyi hər şey əmanətdir. Biz bu əmanəti kiməsə bağışlayanda da diqqətli olmalıyıq və orqan bağışlamaq yalnız könüllü şəkildə həyata keçirilməlidir. Ruhu incitmək və bu kimi fikirlər isə sadəcə psixoloji olaraq insanların dediyi miflərdir”,- deyə qeyd edən T.İrfan həmçinin bu mövzularda diqqətli olmağı, insanları bu amalla hər hansı orqan alverinin qurbanına çevrilməməyə səsləyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 137 maddəsinə əsasən, insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 17.10.2022
Orqan bağışlamaq günah əməlidirmi? – İlahiyyatçıdan AÇIQLAMA
Hazırda oxunan: Orqan bağışlamaq günah əməlidirmi? – İlahiyyatçıdan AÇIQLAMA
Hazırda oxunan: Orqan bağışlamaq günah əməlidirmi? – İlahiyyatçıdan AÇIQLAMA
99697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.