Prokuror “Azəriqazbank” rəhbərinin müşavirinə dələduzluq edənə CƏZA İSTƏDİ  

Hazırda oxunan: Prokuror “Azəriqazbank” rəhbərinin müşavirinə dələduzluq edənə CƏZA İSTƏDİ  

99305

"Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.  

O təqsirləndirilən şəxslərə cəza istəyib:  

“Həmin çıxışdan sonra məhkəmə istintaqı bəzi sənədləri araşdırmaq üçün yeniləndi. Bu səbəbdən əvvəlki çıxışımı müdafiə edirəm". 

Qeyd edək ki, prokuror Şahin Fətəliyevin 12 il, İlham Qasımovun isə 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Prokuror həmçinin, zamində olan İlham Qasımovun barəsində həbs qətimkan tədbiri seçilməsini, məhkəmə zalından həbs olunmasını tələb edib. 

Daha sonra çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi deyib ki, məhkəmədə mülki iddia qaldırıblar.  

Onun sözlərinə görə, Bakının mərkəzində olan 3 mənzilin, Nardaran qəsəbəsində olan bağ evini, bir də ki avtomobili istəyirlər:  

"Ancaq avtomobil 5 il ərzində istifadə olunub və bu səbəbdən bərbad vəziyyətdədir. Buna görə də həmin avtomobilin pulunun hesablanmasını, həmin pulun zərərçəkmişlərə qaytarılmasını istəyirik". 

Zərərçəkmiş Çingiz Mənsimovun varisi hesab olunan qızı Fərəh Mənsimova vəkilinin çıxışı ilə razı olduğunu deyib.  

Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.  

Bu səbəbdən növbəti iclas oktyabrın 21-ə təyin olunub. 

İttihama görə, “Azəriqazbank” rəhbərinin müşaviri olmuş Çingiz Mənsimovun sürücüsü Şahin Fətəliyev lham Qasımovla əlbir olub, onun əmlaklarını ələ keçiriblər. 

Şahin Fətəliyev Çingiz Mənsimovun etibarından sui-istifadə edib, onun mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb. 

Qeyd edək ki, zərərçəkmiş Çingiz Mənsimov bir müddət öncə vəfat edib. Onun qızı keçmiş sürücülərinə qarşı 700 min manatlıq mülki iddia qaldırıb. Deyib ki, əslində dəymiş ziyan bu məbləğdən daha çoxdur, çünki satılan təkcə bir mənzilin bazar qiyməti 400 min manatdır. 
İstintaq orqanı tərəfindən Şahin Fətəliyevin barəsində Cinayət Məcəlləsinin CM-in 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), İlham Qasımovun basərəsindı isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin