Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əlipolad Əliyev, katibə Fatimə Rzayeva və “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbinin müəllimləri və işçiləri ifadə veriblər.
Şahid qismində ifadə verən Asif Qasımov bildirib ki, məktəbdə hərbi müəllim işləyib.
Onun sözlərinə görə, pandemiya dönəmində çalışıb və buna görə də məktəbin rəhbərliyi tərəfindən əlavə əmək haqqı alıb:
"Mən bu pulu kart hesabı vasitəsi ilə almamışam. Pulu mənə Fatma xanım verib. Aylıq əlavə əmək haqqım aylarla müqayisədə dəyişik rəqəmlər olub. Əlavə əmək haqqım 250-280 manat arasında dəyişib".
Digər şahid Aytən Ağayeva deyib ki, məktəbin uşaq birliyinin rəhbəridir:
"Mən məktəbdə işimi özüm görmüşəm. Bu illər ərzində məktəbdə mənim işimi heç kim əvəz etməyib. Əksinə mən bəzi işçilərin işini görmüşəm. Buna görə də Fatma xanım mənə əlavə əməkhaqqı verib. Bu əməkhaqqı 300-350 manat olub. Fatma xanım bu pulu mənə nağd şəkildə verib".
Şahid qismində ifadə verən Məmmədağa Əsədovun sözlərinə görə, məktəbdə fiziki tərbiyə müəllimi işləyir. O deyib ki, məktəbdə idman tədrisi üzrə müəllimləri də əvəz edib, buna görə ona əlavə əməkhaqqı ödənilib.
Daha sonra şahid qismində məktəbdə işləyən rəssam Fuad Cəbrayılov, tibb işçisi Aynurə Qasımova, xadimələr - Mehriban Seyidova və Hicran Kərimova ifadə veriblər. Onlar məktəbin rəhbərliyi tərəfindən əlavə əməkhaqqı aldıqlarını deyiblər.
Növbəti proses oktyabrın 20-də davam edəcək.
İttihama görə, paytaxtın Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əliyev Əlipolad, katibə Fatimə Rzayeva və “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
İş üzrə Təhsil Nazirliyi zərərçəkmiş qismində tanınıb. Adı çəkilən şəxslərin hər biri polisin nəzarəti altına verməklə barələrində həbs-qətimkan tədbiri seçilib.
Onların iştirakı ilə Təhsil Nazirliyinə ümumilikdə 315 min 127 manat maddi ziyan vurulub. Dəyən ziyanın 49 min manatı nazirliyə ödənilib.
Bundan əlavə, direktor Gülnarə Abdullayevanın 352 min 779 manat dəyərində əmlakına həbs qoyulub. Həmin əmlakın bir ev və iki bağ sahəsindən ibarət olduğu bildirilir.
İstintaq sənədlərinə görə, Gülnarə Abdullayeva 2020-ci ilin yanvarından 2021-ci ilin avqustunadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib, faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:59 / 07.10.2022
İnternat Məktəbi Təhsil Nazirliyinə 315 min 127 manat ziyan vurub – MƏHKƏMƏ PROSESİ
Hazırda oxunan: İnternat Məktəbi Təhsil Nazirliyinə 315 min 127 manat ziyan vurub – MƏHKƏMƏ PROSESİ
Hazırda oxunan: İnternat Məktəbi Təhsil Nazirliyinə 315 min 127 manat ziyan vurub – MƏHKƏMƏ PROSESİ
97977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.