Prezidentin Ağdamdan verdiyi MÜHÜM MESAJLAR – “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır”

Hazırda oxunan: Prezidentin Ağdamdan verdiyi MÜHÜM MESAJLAR – “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır”

97784

Bizim.Media Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də açılış mərasimində iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən PROQNOZ-  “Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var” - VİDEO 


Tədbirdə çıxış edən Dövlət Başçısının nitqi bir sıra mühüm mesajlarla yadda qalıb:

1. Hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır.

2. Bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir.

3. ATƏT-in Minsk qrupu iyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar.

4. Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. ülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdük.

5. Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik.

6. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik.

7. Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var. Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq. 

8. Biz bilirik ki, ermənilər 28 ildir Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq kimi razılığa gəlmək istəmədikdə adətən hansı taktikalardan istifadə edirlər. Belə davam edərsə, biz də sülh əldə edə bilməyəcəyik.

9. Bütün baş verənlərə, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik. Əmin deyiləm, amma ən azından biz bu istiqamətdə irəliləyirik.

10. Demək olar ki, 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz bu sərhədə gəldik və burada qərarlaşdıq.

Ona görə də 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir.

11. Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər.

12. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.

13. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin