Abşeron rayon prokurorluğu Xırdalandakı partlayışla bağlı məlumat yaydı

Hazırda oxunan: Abşeron rayon prokurorluğu Xırdalandakı partlayışla bağlı məlumat yaydı

9723

Yanvarın 25-də saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə partlayışın baş verməsi baradə Abşeron rayon prokurorluğuna məlumat  daxil olub. 

Bizim.Media xəbər verir ki, məlumat əsasında Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər orqanlarının əməkdaşlarının  iştirakı ilə hadisə yerinə baxış keçirilərkən ilkin olaraq müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti FHN-nin xilasediciləri tərəfindən aşkar edilib.

Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir. 

Eyni zamanda həmin evdə yaşayan Aytən Musayevanın əri 1983-cü il təvəllüdlü Vüsal Musayev və sonuncunun oğlu - 2009-cu il təvəllüdlü Firudin Musayev, həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış təsirindən həmçinin yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib.

Qeyd edilən ünvanda yerləşən ikimərətəbəli fərdi yaşayış evində ağır nəticələrə səbəb olan partlayış hadisəsi baş verməsi faktına görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi 26 yanvar 2021-ci il tarixdə həmin Məcəllənin 225.3 və 308.2-ci maddələrinə tövsif edilib, Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və partlayış nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir. 

İş üzrə təqsiri olan şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin