“Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Facebook” səhifəsində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa böyük qayıdışdan sonra evlər və obyektlər bahalaşacaq - EKSPERT
O, Nazirlər Kabinetinin işğaldan azad olunan ərazilərimizin bərpası və iqtisadi inkişafı üçün prioritetləri müəyyənləşdirdiyini xatırladıb:
“Azərbaycan Prezidentinin tapşırığına əsasən, Qarabağ bölgəsində infrastrukturun formalaşması və fərqli sektortların inkişaf üçün yeni mexanizm və meyarlar işləniləcək. Gözlənilir ki, işğaldan azad olunan ərazilərimiz üçün kənd təsərrüfatı və turizm prioritet sektorlar olacaq. Bununla yanaşı, həmin ərazilərimizin sənaye potensialı da qiymətləndiriləcək. Bütün bunlar isə Böyük Qayıdış planları ilə əlaqələndirləcək”.
Deputatın sözlərinə görə işğaldan azad olunan rayonlarımızın inkişafı üçün xüsusi təşviq mexanizminin tətbiq ediləcəyi gözlənilir:
“Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə də aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur.
Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər.
Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var.
Sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir.
İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq, oxşar modelin istifadəsi arzuolunan olardı”.
Alçina Amilqızı, Bizim.Media