Bu yaxınlarda Xalq artisti, müğənni Tünzalə Ağayeva TƏBİB-ə müraciət edərək pandemiya dövründə sənət adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətin götürülməsini istəyib.
İfaçı müraciətində bildirib ki, qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçiləri pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyət göstərir.
O, səlahiyyətli şəxslərə incəsənət adamlarının adından müraciətində "Nə vaxta qədər bizdə mədəniyyət, incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?!" sualı ilə müraciət edib.
Bizim.Media olaraq, Azərbaycanın incəsənət adamlarının müraciətlərini cavabsız qoya bilməzdik.
MÖVZU İLƏ BAĞLI:
Tünzalə Ağayevadan TƏBİB-ə müraciət - “100 faiz durğunluq içindəyik...”
İlk olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayaraq, Operativ Qərargah təmsilçisinin bu vəziyyətlə bağlı fikirlərini öyrənməyə çalışdıq.
Telefona cavab verən sözçü sualımıza çox sərt cavab verdi. O, bu barədə heç bir məlumata sahib olmadığını bildirdi.
Nəhayət, TƏBİB-ə üz tutduq. Qurumun mətbuat katibi Elnarə Baxışova TƏBİB-in ancaq müalicə işi ilə bağlı məsələlərə müdaxilə edə biləcəyini bildirdi.
O, bizə bu işdə Operativ Qərargahın səlahiyyətli olduğunu bildirərək, ora müraciət etməyi məsləhət gördü.
Deyəsən, mətbuat katibləri özlərinin də nə vaxtsa sıravi jurnalist olduqlarını unudublar.
Çünki hər bir mətbuat katibinin kütləvi informasiya vasitəsinə vaxtında dolğun və gözlənilən cavab verməsi cəmiyyət ilə media arasında olan etibarlı əlaqələrin güclənməsinə xidmət etməlidir.
Vüsalə Balayeva, Bizim.Media