“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi MÜZAKİRƏ EDİLİB - FOTO 

Hazırda oxunan: “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi MÜZAKİRƏ EDİLİB - FOTO 

96552

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi də müzakirə edilib. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. 

Məlumata görə, komitənin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.

O, sahibkarlığın inkişafında mikro, kiçik və orta sahibkarlığın xüsusi rolundan danışan komitə sədri bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, bildirib ki, ötən müddət ərzində sahibkarlığın dəstəklənməsi istiqamətində həm dövlət, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən lazımi addımlar atılıb. Sahibkarlara güzəştli kreditlər verilib, subsidiyalar ayrılıb, yeni iş yerlərinin açılmasına şərait yaradılıb.

Sədr qanun layihəsinin ölkə prezidentindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib, sənədin bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. 
İclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib ki, dünyada baş verən böhrana baxmayaraq, ölkəmizdə sabit və davamlı inkişaf təmin edilir, mənfi iqtisadi maliyyə təsirlərinin qarşısı alınır, müsbət iqtisadi və sosial inkişaf dinamikası müşahidə olunur, müasir çağırışlara cavab olaraq artıq yeni strateji kursun icrasına başlanılıb.

İqtisadi inkişafın təmin edilməsində xüsusi rol oynayan kiçik və orta biznes subyektləri bu proseslərin həyata keçirilməsində mühüm töhfələr verə bilərlər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə qeyd edib ki, Azərbaycanda KOB-ların mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir.

O, təqdim edilən qanun layihəsinin vacib olduğunu, sahibkarların öz fəaliyytlərində ondan lazımınca yararlanacağını söyləyib, bildirib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkə iqtisadiyyatında KOB-ların payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulub.  

Daha sonra KOBİA-nın İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini I oxunuşda təqdim edib. O, bildirib ki, 5 fəsil, 15 maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.
Sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri, əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub.  

Müzakirələrdə çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, Mahir Abbaszadə, Məşhur Məmmədov yeni qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər.

Qanunun ölkədə iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildiriblər. 

Müzakirələrin sonunda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi I oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin