Hindistanın Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərmək niyyəti fonunda Azərbaycan da öz mövqeyini ortaya qoymalıdır.
Azərbaycan Hindistanın riyakar və ermənipərəst siyasətindən nəticə çıxarmalı, ona cavab olaraq siyasi və hərbi sahədə Çinlə əməkdaşlığını daha da gücləndirməlidir.
Digər tərəfdən, Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan sıx münasibətlər Hindistanın riyakar siyasətinə adekvat cavab vermək baxımından böyük potensialdır.
Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Hindistanın bu addımına cavab olaraq Azərbaycan da anoloji istiqamətdə uyğun fəaliyyətini gücləndirməlidir:
MÖVZU İLƏ BAĞLI:
Ermənistan hansı pulla Hindistandan silah alır? – Pakistan və Rusiyanın mövzuya SİYASİ BAXIŞI - EKSKLÜZİV
“Hindistan ilk dəfə deyil ki, belə riyakarlığa yol verir. Bu ölkə daha əvvəllər də Ermənistana silah satıb. Azərbaycanın Pakistan və Çinlə yaxınlaşması fonunda Dehlinin Ermənistana silah ötürməsi təsadüfi deyil. Amma bu prosesin sonda nə ilə nəticələndiyi də hamıya məlumdur.
Hindistanın bölgədə silahlanmanı artırmaq istiqamətində atdığı addımlar Qafqazda sabitlik və təhlükəsizliyə birbaşa olaraq təhdiddir. 244 milyonluq silah Ermənistan üçün böyük rəqəmdir. Bu Hindistanın ölkəmizə qarşı qərəzli mövqeyindən xəbər verir.
Bu təhdidin aradan qaldırılması üçün Azərbaycan tərəfi də uyğun fəaliyyətlərini həyata keçirməkdədir. Bakınn Çinlə bir çox sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı mövcuddur”.
Ekspert qeyd edir ki, Hindistanın bu addımı fonunda Azərbaycan ona cavab olaraq Pakistan və Çinlə münasibətlərini daha da genişləndirməli, bu yolla Ermənistan tərəfindən törədilə biləcək təhdidlərin sıfırlanması üçün əlindən gələni etməlidir.
Onun fikrincə, Hindistanın bu əməlinin qarşısının alınmasında Azərbaycan-Türkiyə-Pakistan birliyi də böyük potensiala malikdir:
“Hindistan elə də böyük silah ixracatçısı deyil. Özünün bir şəhəri boyda olan İsraildən silah alan Hindistanın Ermənistana verəcəyi silahlar bölgədə güc balansını azaltmağa hesablansa da, bu prosesə onsuz da ciddi təsir etməyəcək. Hər bir halda Ermənistana verilən bu silahlar kritik deyil. O silahların qarşısını almaq üçün Azərbaycan kifayət qədər potensiala malikdir”.
Rüfət Sultan, Bizim.Media