Təxribatçı keşiş Bizim.Mediadan qaçdı, II İlyanın mətbuat katibi danışdı - FOTO

Hazırda oxunan: Təxribatçı keşiş Bizim.Mediadan qaçdı, II İlyanın mətbuat katibi danışdı - FOTO

9652

Gürcüstanın Marneuli rayonunun 2-ci Kosalı kəndində Arsen adlı gürcü keşiş azərbaycanlıların çalışdıqları torpaqları tərk etməyə çağırıb.

Bizim.Media bu haqda təfərrüatları təqdim edib. 

Hadisə ilə bağlı müxtəlif mənbələrdən münasibət almağa çalışdıq. 

Müsahiblərimizdən bəziləri Gürcüstanda soydaşlarımıza qarşı baş verənləri erməni təxribatı adlandırdı. Rəsmi səviyyədə isə cavabın tezliklə olacağını vəd etdilər.

Buna görə də Gürcüstanda yaşayan azərbaycanlılarla əlaqə yaratdıq və soydaşlarımıza “Bu torpaqları tərk edin, gedin, Azərbaycanda nə istəyirsiniz edin” deyən Arsenin nömrəsini aldıq. 

Azərbaycanlıları əsrlərdir ki, yaşadıqları torpaqlardan çıxartmaq istəyən Arsen adlı keşişlə ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. 

Keşişin mobil nömrəsinə dəfələrlə zəng vursaq da götürən olmadı. Sonra həmin keşişi “whatsapp” vasitəsilə həm görüntülü, həm də səsli yığdıq, yenə cavab verilmədi.

Düşündük ki, torpaq davası edən keşiş yəqin ibadətdə olduğuna görə danışmağa vaxtı olmayıb.

Bu səbəbdən “whatsapp” vasitəsi ilə yazılı suallarımız ünvanladıq, dərhal oxusa da, cavab vermədi.

Gürcüstanda yaşayan azərbaycanlıları və bütün Azərbaycan ictimaiyyətini narahat edən məsələ ilə əlaqədar suallarımızı Gürcüstanın patriarxı II İlyaya ünvanladıq. 

Patriarxın mətbuat katibi, baş keşiş Andria Caqmaidze isə böyük səbr və mədəniyyətlə suallarımızı cavablandırdı. 

Bizim.Media-ya açıqlamasında “Biz dost xalqlarıq və dostluğu yüksək qiymətləndiririk. Doğrusu, Marneulidə keşişin işlətdiyi ifadələr barədə məlumatsızam” deyə bildirdi və vurğuladı ki, müəyyən torpaq sahəsi ilə əlaqədar konkret insanlar arasında problem yaşanıb, insident nizamlanmağa doğru gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü keşişlər azərbaycanlılara hücum etdilər - VİDEO


Mübahisənin həll olunmaq üzrə olduğunu əlavə edən baş keşiş qeyd etdi ki, belə məişət problemləri gürcü və azərbaycanlılar arasında da yaşana bilər. 

“Belə gərginliklər bizim kilsənin əhval-ruhiyyəsini, yaxud problemə münasibətini əks etdirmir. Praktikamızda olub ki, bəzən müxtəlif keşişlər, hətta Gürcüstan patriarxlığına qarşı da çıxışlar səsləndirib. 

Əgər həqiqətən də keşiş xatırlatdığınız sözləri deyibsə, üzgünəm. Mən bununla maraqlanacağam. 

Hər-halda ümid edirəm ki, yaxın zamanda həllini tapacaq hadisənin qiymətləndirməsi məişət konfliktindən o yana keçməz”, - deyə Andria Caqmaidze fikrini tamamlayıb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin