Xəbər verildiyi kimi ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək. Bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, ali təhsili olmadıqda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina ediləcək.
Yeni qayda onu diktə edir ki, jurnalistlər Media Reyestrinə daxil edilmək üçün qanunla nəzərdə tutulan bir sıra tələblərə cavab verməlidirlər. Həmin tələblərdən biri də jurnalistin ali təhsilinin olmasıdır. Ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir.
MÖVZU İLƏ BAĞLI:
Media Reyestrinə daxil ediləcək jurnalistlərin siyahısı ictimaiyyət üçün AÇIQ OLACAQ
Amma illərdir jurnalistika sahəsində çalışanlar arasında xaricdə təhsil almış həmkarlarımızın da sayı az deyil. Hansı ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır.
Maraqlıdır, keçərsiz diplomu olan jurnalistlər necə Media Reyestrinə daxil ediləcəklərmi?
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri, mətbuat katibi Səidə Şəfiyeva Bizim.Media-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib. O, qeyd edib ki, dövlət tərəfindən rəsmi qaydada etibarlı hesab olunan diplomlu jurnalistlər Reyestrə daxil ediləcək:
“Bütün informasiya ehtiyatlarında olduğu kimi Media Reyestrinə də daxil edilən məlumatlar mötəbər məlumatlar olmalı, onların etibarlılığı müvafiq hüquqi sənədlərlə təsdiqlənməlidir.
Bu baxımdan dövlət tərəfindən rəsmi qaydada tanınan diplomlarla bağlı qanunvericiliklə tələb olunan məlumatları həm müvafiq orqan və qurumlardan almaq, həm də elektron hökumət portalından inteqrasiya etmək mümkün olduğundan yalnız həmin diplomlar etibarlı hesab edilir”.
Media Reyestrinə jurnalistlərin daxil edilməsi ilə bağlı prosesin nə qədər müddət çəkəcəyinə gəlincə, Səidə Şəfiyeva bildirib ki, jurnalistlər tərəfindən Reyestrə müraciətlərin edilməsi davamlı prosesdir və bu istiqamətdə hər hansı vaxt məhdudiyyəti tətbiq olunmur:
“Yəni jurnalist istədiyi vaxt Reyestrə daxil edilmək üçün müraciət edə bilər. Onların müraciətlərinə 5 iş günü ərzində baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
Qeyd edək ki, Media Reyestrinə daxil edilmək üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il staja malik olmaqdır. Bu təcrübə əmək müqaviləsi əsasında fəaliyyət göstərilən illəri əhatə edir.
Alçina Amilqızı, Bizim.Media