Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesin əvvəlində mübahisə yaranıb.
Zərərçəkmişlər Aqil Babayevi müxtəlif ifadələrlə təhqir ediblər. Hakim heyəti zərərçəkmişlərə xəbərdarlıq edib. Daha sonra zərərçəkmiş Samir Cəfərov təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
“12-ci imam”ı 12 il HƏBS gözləyir - VƏKİL
O bildirib ki, Aqil Babayevin göstərişi ilə zəkat pullarını yığıb:
"Mənə Aqil Babayev dedi ki, istintaqda zəkat pulunun adın çəkmə, dəymiş ziyan olan pulları qaytaracam. Sonradan Aqil Babayevin adamı mənə ümumiyyətlə şikayətindən imtina etməyimi dedi. Mən də ifadəmi dəyişmədim".
Zərərçəkmişin sözlərinə görə, Aqil Babayev onların tikdiryi binadan ümumi dəyəri 440 min manat olan 8 mənzil götürüb, amma mənzillərin sadəcə yarısının pulunu (210min manat) ödəyib.
Aqil Babayev qeyd edib ki, zəkat pullarının yığılmasının Samir Cəfərova tapşırıb:
"Yığılan zəkat pullarına ehtiyacım olmayıb. Bununla bağlı etibarlı adam kimi mənə hesabat verirdilər. Sonradan ehtiyacı olan qadınlara pul paylanılması məsələsi ortaya çıxdı. Mən də Tahirə xanımı təklif etdim. Tahirə də ehtiyacı olanlara pul paylayırdı".
Daha sonra ifadə verən digər zərərçəkmiş Emil Həsənov deyib ki, Aqil Babayev ona ziyan vurub. Onun sözlərinə görə, Aqil Babayevi "12-ci İmam" kimi tanıyıb. Zərərçəkmiş deyib ki, 2014-cü ildən 2021-ci ilə kimi Aqil Babayevə zəkat pulu verib.
Emil Həsənov qeyd edib ki, Aqil Babayev onları cəhənnəmə göndərməklə hədələyib: "Bunu elə deyirdi, biz də inanırdıq".
Növbəti proses oktyabrın 11-də davam edəcək.
Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Eldar Məmmədli, Bizim.Media