"Oğlum şəhid olan zaman 1il 3 ayın əsgəri idi. Geri dönməsinə cəmi 3 ay qalmışdı. O, mənim yeganə oğul övladım idi. Yoxluğunda onunla bağlı deyilən hər bir söz, yazılan hər bir yazı ən böyük təsəlliyə çevrilib. Amma bilirəm ki, həyatda heç kim və heç nə oğlumu mənə qaytara bilməyəcək".
Şəhid Ağabəy Məmmədquliyevin anası Bizim.Media-ya danışarkən belə söyləyib.
Oğlunun vətənpərvərliyindən danışan ana Ağabəyin uşaqlığı ilə bağlı bəzi xatirələrini də bölüşüb:
"Oğlum uşaqlıqdan hərb sənətinə çox həvəsli idi. Yadımdadır ki, uşaqkən o, təhsil aldığı 197 saylı məktəbdə keçirilən bir səhnəcikdə şəhid rolunu oynayırdı. Mən o zaman oğluma şəhidliyin necə böyük bir zirvə olduğunu söylədim. Sanki biraz da məsuliyyəti və həyacanı artdı. Uşaq həmin vaxt özünü elə xoşbəxt hiss edirdi ki, həmin gecəni yata bilməmişdi. Şəhid rolunu elə gözəl yaratmışdı ki, bütün zal onu alqışlamışdı.
Onu həyatının ən gözəl dövrlərindən birində, ömrünün cəmi 19-cu baharında itirdim. Amam taleyimlə barışmışam və düşünürəm ki, oğlum təzadüfü əcəlin qurbanı olmayıb, Vətən üçün ölüb, ŞƏHİD ZİRVƏSİNƏ yüksəlib. Xoşbəxtəm ki, Ağabəy kimi oğul böyütmüşəm, hər kəsə nəsib olmaz”.
O bildirib ki, oğlu orta məktəbi bitirdikdən sonra peşə təhsili alaraq "Qaynaqçı" ixtisasına yiyələnib.
Şəhid Ağabəy Məmmədquliyev 15.06.2001-ci il tarixində Qaradağ rayonu Korgöz qəsəbəsində anadan olub.
Korgöz qəsəbəsində 197 nömrəli tam orta məktəbi bitirdikdən sonra o, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhid olub.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Ruhu şad olsun ŞƏHİDİMİZİN!
Leyla Şah, Bizim.Media