“Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində 23-27 sentyabr tarixlərində Rusiyanın tərkibinə daxil olma haqqında referendumlar keçiriləcəyi elan edildi”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) təhlilində yer alıb.
Mənbə yazır ki, Rusiyanın Xarkov cəbhəsinin iflasından sonra Rusiya tərəfindən referendum mövzusunun aktuallaşdırılması, nüvə şantajının yenidən işə salınması və səfərbərliyin elan edilməsi Moskvanın müharibəni yaxın gələcəkdə bitirməkdə maraqlı olduğunu göstərir. Bunun bir neçə səbəbi vardır:
İqtisadi dayanıqlıqda problemlər
Sentyabrın əvvəlində G7 ölkələri Rusiya neftinin tədarükündə qiymət həddinin müəyyən edilməsi ilə bağlı razılığa gəldilər. Qiymət həddi xam neft üçün 2022-ci il 5 dekabr, neft məhsulları üçün isə 2023-cü il 5 fevral tarixində qüvvəyə minə bilər.
Bu tarixlərdə Aİ-nin Rusiyadan xam neft və bəzi neft məhsullarının idxalı və tranziti ilə bağlı embarqosu da qüvvəyə minəcəkdir. Bundan başqa, hazırda ABŞ-da Rusiyadan neft, qaz və kömür alan xarici müəssisələrə qarşı ikinci dərəcəli sanksiyaları hazırlayırlar. Rusiyanın enerji və ərzaq böhranlarını təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri Qərb liderlərinə daha çox anti-Rusiya qərarları verməyə maneə törətmir.
Sanksiyaların genişlənməsi
Referendum xəbərinə Qərb ölkələri Ukraynanın ərazi bütövlüyünə dəstək bəyanatları və Rusiyaya qarşı yeni sanksiya hədələri ilə cavab verdilər. Planlaşdırılan sanksiyalar referendumun təşkilində birbaşa iştirak edən şəxslərə şamil olunacaq və Donbas regionunun maliyyələşməsini, onunla iqtisadi münasibətlərin qurulmasını qadağan edəcəkdir.
Referendum xəbərinə Rusiyanın fond bazarı müharibə başlayandan bəri ən güclü çöküş ilə cavab verdi. Sentyabrın 20-də Moskva birjası 10,7%, RTS isə 10,5% geriləmə nümayiş etdirirdi.
Sberbankın səhmləri 5,35%, Lukoylun 9%, Qazpromun 8%, Yandeksin 8,9%, Nornikel isə 2% dəyər itirdi. Eyni gündə Rusiyanın Aİİ üzrə müttəfiqi Ermənistan “Mir” kartlarının xidmətinə xitam verdi. Ermənistana qədər “Mir” kartlarından Türkiyənin nəhəng bankları və Qazaxıstan imtina etmişdi.
Cəbhədə itkilərin hissolunan səviyyəyə çatması
Referendumun ardınca Rusiya ölkə üzrə qismən səfərbərlik elan etdi. Qismən səfərbərlik sentyabrda elan olunsa da, ona hazırlıq may ayından gedirdi. Hərbi komissarlıqlar ehtiyatda olan hərbçiləri “hərbi qeydiyyat”, “yaşayış yerinin və qeydiyyat yerinin təsdiqi” və ya “səfərbərlik əmrinin çatdırılması” səbəbləri ilə toplayırdılar.
Müdafiə naziri S.Şoyquya əsasən 300 min nəfər çağırılacaqdır. Səfərbərliklə yanaşı, parlament fərarilik, səfərbərlikdən yayınma, düşmənə təslim olma maddələri üzrə nəzərdə tutulan cəzaları ağırlaşdırdı. Səfərbərlik elanından sonra Rusiyadan digər ölkələrə təyyarə biletləri tez bir zamanda satıldı. Digər tarixlərə olan biletlərin qiyməti isə bir neçə saat ərzində dəfələrlə artdı.
Nüvə çətirinin işə salınması
Rusiya müharibədə qələbə qazanmağı iki yolla nəzərdən keçirir. Birinci yol səfərbərliyin elan edilməsi, ikinci yol isə işğal olunmuş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi. Ukrayna ordusunun gözlənilən hücumunu nəzərə alaraq Rusiya referendum keçirməklə “DNR”, “LNR”, Xerson və Zaporojye vilayətlərini nüvə çətirinin altına salmağı hədəfləyir.
Nüvə silahının istifadəsinin mümkünlüyünü Putinin son çıxışında da qeyd etdi. Əsas məsələ bu zərbənin hardan endirilməsidir, çünki Qərbin cavab zərbəsi həmin əraziyə endiriləcəkdir.
Rusiya və Belarusiya prezidentlərinin görüşündə belə razılıq əldə olunmuşdur ki, Belarusiya ərazisinə nüvəbaşlıqlı raketlər yerləşdirilə bilər. Bunu nəzərə alan Minsk öz ərazisindən Ukraynaya taktiki nüvə zərbəsinin endirilməsinə icazə verməyəcəkdir.
Lakin, Kreml Minskin etiraz və qadağalarına məhəl qoymayıb, zərbənin endirilməsi haqqında birtərəfli qərar da qəbul edə bilər.
Müharibənin bitməsini Rusiya lideri ilə yanaşı Hindistan və Çin liderləri də istəyirlər. Eyni zamanda, ölkə daxilində hakimiyyətin dayanıqlığı üçün təhlükə mövcuddur. Elan olunan səfərbərlik Rusiyada hakimiyyətin mövqelərini zəyiflədə, elitalar arasında mərkəzdən qaçma tendensiyalarını sürətləndirə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:52 / 25.09.2022
Rusiya Ukraynada müharibəni bitirə biləcəkmi? - TƏHLİL
Hazırda oxunan: Rusiya Ukraynada müharibəni bitirə biləcəkmi? - TƏHLİL
Hazırda oxunan: Rusiya Ukraynada müharibəni bitirə biləcəkmi? - TƏHLİL
95660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.