“Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunun qalibləri MÜKAFATLANDIRILDI - FOTO

Hazırda oxunan: “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunun qalibləri MÜKAFATLANDIRILDI - FOTO

95617

Sentyabrın 24-də Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında bildirilib.

Məlumata görə, Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək vermək məqsədilə təşkil olunan müsabiqə “enerji və əşyaların interneti”, “enerji və süni intellekt”, “enerji və rəqəmsal iqtisadiyyat” mövzularını əhatə edib.

Tədbirin əvvəlində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonu ilə bağlı video təqdimat nümayiş olunub. 

Mükafatlandırma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov hakatonun istedadlı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf müsabiqənin qaliblərini təbrik edərək hakatonun mövzusunun ölkəmizin strateji hədəfləri istiqamətində müəyyənləşdirildiyini bildirib.  

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsinin dövlət başçısının müəyyənləşdirdiyi müasir inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu vurğulayan SOCAR prezidenti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji resurslarının tətbiqi ilə regionda kiçik və orta biznes subyektlərinin inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə dəyərli töhfə veriləcəyini söyləyib.

4SİM-in icraçı direktoru Tamerlan Tağıyev gənclərin layihəyə olan böyük marağını vurğulayaraq müsabiqənin əhəmiyyəti barədə danışıb.

Çıxışlardan sonra münsiflərə, mentorlara, könüllülərə və tədbirin təşkilatçılarına təşəkkürnamələr təqdim edilib. “Ən kreativ komanda” və “Ən əzmkar komanda” nominasiyaları üzrə həvəsləndirici mükafatlara “Outliers” və “DataMass” komandaları layiq görülüblər.

Daha sonra üçüncü, ikinci və birinci yerin qalibləri elan olunub. “Hydroponics” komandası birinci, “Zəngəzur” komandası ikinci, “Generation Z” komandası isə üçüncü yerin qalibi olub.

Komandalara mükafatları SOCAR-ın prezidenti Rövşən Nəcəf, 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev və BANM-in rektoru Elmar Qasımov təqdim ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin