İranda nə baş verir? – Etirazların arxasında dayanan ƏSAS FAKTORLAR

Hazırda oxunan: İranda nə baş verir? – Etirazların arxasında dayanan ƏSAS FAKTORLAR

95216

Son günlər İran İslam Respublikasının əksər şəhərlərində etiraz aksiyaları keçirilir. Ölkəboyu yayılan etiraz dalğası güc strukturları ilə aksiyaçıların sərt toqquşmaları ilə müşayət olunur. Bəzi ərazilərdə isə vəziyyətin xüsusilə nəzarətdən çıxdığı görünür. Belə ki, artıq bir neçə şəhərdə sakinlər tərəfindən inzibati dövlət binaları ələ keçirilib.

Bəs, İranda nə baş verir?

Cənub qonşumuzun ərazisində etiraz dalğasının başlamasına təkan verən hadisə Məhsa Əmini adlı gənc qızın hicab qaydalarını pozması səbəbindən əxlaq polisləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi oldu. Doğrudur, narazılığın mitinqlərə çevrilməsində başlıca faktor sosial narazılıqdır. Lakin mitinqlərin gedişatı və səsləndirilən şüarlar məsələnin artıq siyasi müstəviyə keçdiyini nümayiş etdirir.
 

MÖVZU İLƏ BAĞLI:

“İran Zəngəzurda Azərbaycanla yox, qlobal güclərlə qarşılaşacaq” – Tehranın təhdidlərinə CAVAB 


Digər tərəfdən etirazlardakı etnik fərqliliklər də diqqətdən yayınmır. Belə ki, bu dəfəki mitinqlər cənublu soydaşlarımızın kompakt yaşadığı bölgələrlə yekunlaşmır. Hətta əhalisinin mütləq əksəriyyətini farsların təşkil etdiyi ostanlarda da narazılıq ən üst səviyyədədir.

Xüsusən də, Kerman vilayətinin adını ön plana çıxara bilərik. İranın sabiq lideri Rəfsəncani, ölkənin qəhrəmanı hesab olunan Qasim Süleymaninin doğma əyalətində mitinqlərin şiddəti ən üst səviyyədədir. Narazı kütlə Qasim Süleymaninin banerlərini yandırmaqdan belə çəkinmir.

Soydaşlarımızın kompakt yaşadığı şimal-qərb ostanlarında isə “milli hökumət”, “azadlıq” şüarları daha çox səsləndirilir ki, bu da başadüşüləndir.

Etirazların hədəqədən çıxma səbəbləri

İranda kütləvi etiraz dalğalarına zaman-zaman rast gəlirik. Lakin bu masştabda mitinqlərə son dəfə 2009-cu il prezident seçkilərində şahidlik etmişdik. İranda sosial və hüquqi problemlərin mövcudluğu daim etiraz aksiyalarının baş verməsi ehtimalını doğursa da, bu dəfəki narazılıqlarda başqa faktorlar da var.

Ələxsus da, Ayətullah Əli Xameneinin səhhətində yaşadığı problemlər, yeni dini liderin kim olacağı ilə bağlı sualların olması siyasi dəyişikliklərə inamı xeyli artırıb. Qeyd etməliyik ki, bir sıra xarici mənbələr Xameneinin artıq öldüyünü deyirlər. Söz-söhbətlərin İranda yayıldığı da sirr deyil.
Buna görə də, molla rejimindən onsuz da narazı olan xalqın siyasi dəyişikliklərə inamı yaranıb.

Digər tərəfdən hadisələrdə xarici faktorların önəmi də az deyil. Xüsusən də, Qərb mənbələrinin Xameneinin ölümü ətrafında xəbərlər tirajlaması, Baydenin son açıqlamasında İrandakı aksiyalara dəstək mesajları bunun əyani sübutudur.

Eyni zamanda İslam Respublikasının son dönəmlər dəyişən beynəlxalq münasibətlərdə yeritdiyi xarici siyasət də heç də qəbulolunan deyil. Ələxsus da, Bayden administrasiyasının və İsrailin Tehrana qarşı mövqeyi son dönəmlərdə daha da radikallaşıb.

Ona görə də, bu güclər İranda hakimiyyət dəyişikliyinin arzusundadır. Bu, baş verməsə belə, ən azı etirazların genişlənməsi və Tehranın başının daxili olaylara qarışması, diqqətlərin Ukraynaya yönəldiyi bir vaxtda Qərb üçün arzuolunandır.

Hadisələr nə ilə yekunlaşacaq?

Əksər ekspertlərin qənaəti İranda radikal dəyişikliklərin olmayacağı yönündədir. Çünki etiraz aksiyaları mütəşəkkil deyil və kütləni arxasıyca aparacaq siyasi güc faktiki olaraq mövcud deyil. Belə olan hallarda isə adətən bir müddətdən sonra enerjisi tükənən kütlə yavaş-yavaş meydanlardan çəkilir və sakitlik bərqərar olur.
Digər tərəfdən İran siyasətinə yön verən Tehran çarşısı və SEPAH da hələlik fərqli mövqe ortaya qoymayıb.

Lakin Xameneinin ölümü ssenarisində molla rejiminin müəyyən qədər yumşalmalara getməsi mümkün ola bilər ki, nəticədə siyasi müxalifətin formalaşması prosesi reallaşa bilər. Bu da orta və uzaq perspektivdə İranda ciddi dəyişikliklərin baş verməsinə imkan yarada bilər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin