Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 13-14 sentyabr döyüşləri ilə bağlı “Əslində nə baş verib və nə etmək lazımdır?” adlı məqalə dərc etdirib.
V.Oskanyan deyib ki, Nikol Paşinyan 10 Noyabr 2020-ci il bəyannaməsi imzalanarkən İlham Əliyevin 3 şərtini qəbul edib. N.Paşinyan şərəf sözü verib və xahiş edib ki, bu 3 şərt bəyannamə mətninə salınmasın, çünki bu onun sonu ola bilər.
Vladimir Putin isə İlham Əliyevə bu yazılmayan şərtlərin yerinə yetiriləcəyinə zəmanət verib. Şərtlər aşağıdakılardır:
a) Qarabağ Azərbaycan torpağı olacaq;
b) Zəngəzur koridoru çəkiləcək;
c) İşğal altındakı anklavlar da daxil, sərhədlər demarkasiya və delimitasiya olunacaq.
Oskanyanın fikrincə, 13-14 sentyabr döyüşlərində Kremlin susqunluq nümayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə bağlı deyil, həm də Putinin “kişi sözü” və qarant məsuliyyəti ilə bağlıdır”. Durumdan çıxış yolu üçün Vardan Oskanyan çox “hiyləgər” təklif edir. Nikol Paşinyan istefa verir və verdiyi vədlər qüvvədən düşür.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Toqif Abbasov bildirir ki, belə bir fikirlə Oskanyan odu söndürüb, indi küli ilə oynayır:
“Bir halda ki, Ermənistan rəsmisi iki dövlət başçısının yanında üçtərtəfli bəyanata imza atırsa, deməli burada Oskanyanın qeyd etdiyi 3 tələb də təsbit olunub. Oskanyanın bunun əksini deməsi, guya həmin 3 şərtin bəyannamənin mətninə salınmadan şifahi şəkildə onlara əməl edəcəyilə bağlı Paşinyanın şərəf sözü verməsi, boş fərziyədir. Sənəddə Paşinyanın imzası var. Bu sənəd həm də kapitulyasiya aktına bərabər sənəddir.
Oskanyan xarici işlər naziri olan dövrdə qərbpərəst mövqeyilə seçilib. İndi də o öz məramını dəyişməyib. İndi o sevinc içindədir. Çünki ABŞ-ın regionda rolunun artması qərbpərəst kəsim üçün əlverişli görünür. Amma bu xulyadır. Azərbaycan artıq heç bir oyunbazlığa yol verməyəcək. Bütün prosesləri öz bildiyimiz şəkildə tənzimləyəcəyik”.
Oskanyanın Paşinyanın istefası ilə verdiyi vədlərin də qüvvədən düşəcəyinə gəldikdə, həmsöhbətimiz qeyd edir ki, indiki baş nazir yalnız Moskva istədiyi halda istefaya gedəcək:
“Rusiyanın Ermənistanda kifayət qədər təsir rıçaqları var. Onlar da istənilən məqamda vəziyyəti bu və ya digər istiqamətə yönəldə bilərlər”.
Rüfət Sultan, Bizim.Media