Pelosinin açıqlamalarının Azərbaycanda yaratdığı EFFEKT – Partiyaların MÖVQEYİ

Hazırda oxunan: Pelosinin açıqlamalarının Azərbaycanda yaratdığı EFFEKT – Partiyaların MÖVQEYİ

94584

Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana səfər edib. ABŞ rəsmisinin açıqlamaları isə ölkəmizdə heç də birmənalı qarşılanmayıb və siyasi sferaya da təsirsiz ötüşməyib.

Bunun nəticəsidir ki, bir sıra partiyalar bu səfərlə bağlı bəyanatlar yayıb, Pelosinin açıqlamalarının yaratdığı effektə münasibət bildiriblər.

Bizim.Media Nensi Pelosinin açıqlamalarının Azərbaycan daxili siyasətinə təsirlərilə bağlı bəzi partiyaların mövqeyini təqdim edir.

Ümid partiyasının sədri İqbal Ağazadə milli maraqlarımızın dövlətçilikdən başladığını qeyd edib:

“Dövlətçilik təhlükəsizlikdir, milli birlikdir, təhlükələrə birgə sinə gərməkdir, güclü ordudur, vahid mövqedir, milli maraqdır, parçalanmamaqdır, ordunun yanında və arxasında olmaqdır - Ali Baş Komandandan tutmuş, sıravi əsgərə kimi hər kəsi dəstəkləməkdir, acını birgə yaşamaq, sevinci birgə bölməkdir. Təhlükəsizliyimiz üçün atılan addımları qınamaq yox, dəstəkləmək lazımdır. Kiminsə xoşuna gəlmək üçün "demokrat" olmağa dəyməz.

Ordumuzun arxasında və yanında olun. Hər bir ölkə öz marağından başqa heç bir şeyin dərdini çəkmir, əziz müxalifətçi dostlar, demokratiyanı da, şəffaflığı da biz özümüz əldə etməliyik, həm də öz gücümüzə”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bəyanatında qeyd edib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevanda Azərbaycan əleyhinə  verdiyi açıqlamalar  Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti tərəfindən, qalıcı sülhün bərqarar olmasına qarşı yönəldilmiş  təxribat kimi dəyərləndirilirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan icmasından ABŞ Konqresinə ÇAĞIRIŞ - Nensi Pelosinin davranışı ilə bağlı tədbir görülsün


“Cəmiyyətimizin müxtəlif təbəqələri tərəfindən ifadə olunan bu mövqe ilə həmrəy olduğumu  bildirirəm.  Eyni zamanda 2020- ci il 44 günlük müharibə dövründəki, ordu, xalq, dövlət birliyinin bu günlərdə də cəmiyətimizin mütləq əksəriyyəti tərəfindən nümayişini alqışlayırıq.

Təəssüflə qeyd edirəm ki, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin qərəzli, ədalətsiz açıqlamaları Azərbaycan ictimai rəyində ABŞ-a, ən pisi isə bir çoxları tərəfindən hələ də Avropa dövlətləri, ABŞ-la simvolizə olunan siyasi dəyərlərə mənfi münasibətin güclənməsinə rəvac verdi, o cümlədən,  demokratik  meyllərə və onların daşıyıcılarına ziyan vurdu.

Bu, heç şübhəsiz demokratiya əleyhidarı qüvvələr tərəfindən istifadə olunacaq”.

Müasir Müsavat Partiyasının bəyanatında isə qeyd olunub ki, Nensi Pelosinin Ermənistan səfəri Azərbaycan və Ermənistanın Brüsseldə əldə etdikləri razılaşmaların pozulması üçün qurulmuş bir oyundur:

“Biz bu vəziyyətdən çıxmaq üçün ölkədə milli birliyi qorumalıyıq. Əgər biz milli birliyimizi qoruyub saxlamasaq Azərbaycana böyük təhdidlər yaranacaq. Həmçinin Qarabağla yanaşı Azərbaycanın müstəqilliyinə də böyük zərbələr vurula bilər. 
Müasir Müsavat Partiyası Azərbaycan xalqını, siyasi partiyaları birliyə dəvət edir. Vətənimiz ağrı gündədir və biz vətənimizi qorumalıyıq. İstər hakimiyyət, istərsə də siyasi partiyaların tərkibində olan bəzi qüvvələr istəyirlər ki, ölkədə qarışıqlıq yaransın. Bu qarışıqlıqdan da istifadə edərək özlərinin müəyyən arzularına çatmaq istəyirlər. 

5-ci kalonun xaricdə yayılan qolları bu gün güclü fəaliyyətdədir. Buna görə də hər an ölkədə qarışıqlıq yaratmağa yönələn fikirlər var. Bütün bunlara baxmayaraq biz ölkə prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin