Müdafiə Nazirliyinin açıqladığı 77 nəfərlik siyahıda 18 yaşlı iki şəhidimiz var. Onlar 2004-cü il təvəllüdlü İbrahim Şöhrәt oğlu Hәsәnov və Amin Rasim oğlu Qəfərlidir.
Əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli Bakı şəhərində doğulub.
“Amin hər bir məsələdə özünü irəli atırdı. Elə xidməti tapşırıqlarını da yerinə yetirəndə mərdliyini nümayiş etdirib”.
Bu sözləri Bizim.Media-ya şəhidimizin anası Natəvan Qəfərli deyib. Şəhidin həyat yolundan bəhs edən ana 18 yaşlı oğlunun necə vətənpərvər, cəsur və qürurlu olduğunu dilə gətirib:
“5 ayın əsgəri idi. Aprelin 1-də hərbi xidmətə yola saldım. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün könüllü ərizə yazmışdı. “Vətəni layiqincə qoruyacam” deyirdi. Çox az-az danışırdıq. Atası Aminlə ən son sentyabrın 11-də danışmışdı.
“Hər şey yaxşıdır” dedi ən son... Ayın 13-ü Ermənistanın törətdiyi təxribatlar nəticəsində Laçında şəhid oldu. Çox aktiv idi. Sadəcə məktəbdə geri qalırdı. Özü oxumurdu. Sanki şəhid olacağını bilirdi. Mənə məlumat verdilər ki, komandiri ilə bir yerdə şəhid olub. Onunla bir yerdə özünü irəli atıb. Mənim oğlum nə olsaydı irəli qaçardı. Çox deyirdim ki, “bala heç olmaya bir qədər ortada get. Əsəbləşirdi...”.
Ana gələcək arzularını da dilə gətirib. O deyib ki, yeganə istəyi Xankəndini və Xocalını azad görməkdir:
“Ölənə kimi onu görüm ki, Xankəndi, Xocalı, Göyçə gölü hamısı azaddır. Mən ölməmiş onu görüm. Gecə saat 4-ə qədər qazilər gəlib.
Mərd oğlanlarımız çoxdur. Narahatlığım içimizdə şərəfsizlərin olmasıdır. Belələri aradan çıxsa yaxşıdır. Çünki mərdlər namərdlərin arasında itir. Öz torpağımda namərdlərin içində mərdlər qalib gəlsin və düşmənə güc gələk”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Amin Rasim oğlu Qəfərlinin nəşi sentyabrın 15-də Bakıya gətirilib. Amin Qəfərli ilə Bakıda yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib və orada dəfn edilib.
Alçina Amilqızı, Bizim.Media