ABŞ Konqresi erməniləri sevindirdi, Azərbaycan və Türkiyə hədəfə götürüldü.
Bizim.Media “Reuters”-ə istinadən məlumat verir ki, ötən gün Bayden administrasiyasından ABŞ Xarici İşlər Nazirliyinə namizəd göstərilən əsas fiqur Antoni Blinken ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Baydenin “yüz günü” qara xəbərlə başladı
Vəzifəyə başlamaq üçün Konqres tərəfindən təsdiq olunmasına ehtiyac olan Blinken öz fəaliyyətli dövründə diqqət ayıracağı əsas istiqamətlər üzrə senatorların suallarını cavablayıb.
Konqresdəki müzakirələr zamanı diqqət çəkən əsas məqam isə Blinkenin Türkiyə və Azərbaycan haqqında səsləndirdiyi fikirlər olub.
Konqresin Xarici Əlaqələr Komitəsinin rəhbərlik edən Bob Menendez Blinkendən Bayden administrasiyasının Türkiyəyə qarşı mövqeyinin ciddi olub olmadığını soruşub.
Senatorun fikrincə, Türkiyə Tramp administrasiyası ilə əlaqələrindən istifadə edərək, Rusiya ilə yaxınlaşıb, Suriyada və Liviyada, o cümlədən Şərqi Aralıq dənizi hövzəsində təhlükəsizlik üçün təhdidə çevirilib.
Türkiyənin bu cür aqressiv davraşına Trampın səbəb olduğunu qeyd edən Menendez, yeni hökümətin Türkiyəyə qarşı tutumunun necə olacağı soruşub.
Blinken isə cavabında Bayden administrasiyasının Türkiyə ilə bağlı mövqelərində ciddi və qəti olduqlarını qeyd edib. O, Türkiyənin Rusiya ilə yaxın münasibətlərdə olmasının ABŞ üçün “qəbuledilməz” olduğunu bildirib. Türkiyə ABŞ-ın müttəfiqidir, ancaq Türkiyə özünü heç də müttəfiq kimi aparmır,- deyə Blinken əlavə edib.
Burada kiçik bir haşiyə çıxmaqla qeyd edək ki, Konqresin Xarici Əlaqələr Komitəsinin sədri olan Bob Menendez ermənipərəst senator olması və ABŞ-Kanada erməni cəmiyyəti ANCA ilə yaxın əlaqələri ilə tanınır.
Menendez ABŞ-ın “Erməni soyqırımı”nı tanıması istiqamətində fəal iş aparan senatorlardan biridir.
Müzakirə əsnasında da bu mövqeyini gizlətməyən senator Bayden administrasiyasının soyqırımın tanınması istiqamətində ciddi addımlar atacağını gözlədiklərini qeyd edib.
Onun fikrincə, bu vaxta qədər heç bir ABŞ səfiri soyqırım abidəsinə getməyib və “soyqırım” ifadəsindən istifadə etməyib. Ancaq senator yeni dövrdə bunun təkrar olunmayacağına inandığını əlavə edib.
Menendezin yeni namizədə ünvanladığı digər sual isə Tramp administrasiyasının Azərbaycan mövqeyi ilə bağlı olub. Menendez 2016-cı ildən bəri Azərbaycanla ABŞ arasındakı 120 milyon dollarlıq silah satışının gerçəkləşdiyinə diqqət çəkib.
Xatırladaq ki, gecən il bu məsələ ortaya çıxdığı zaman Menendez, ABŞ Xarici İşlər Nazirliyindən rəsmi açıqlama və bu fəaliyyətin 907-ci düzəlişə uyğunluğunun araşdırılmasını tələb etmişdi.
Təcili olaraq Azərbaycana silah satışının dayandırılmasını tələb edən Menendez bu istiqamətdən ən çox fəaliyyət göstərən senatorlardan biri idi. Ermənipərəst senator bu dəfə də yeni namizəddən Azərbaycana silah satışı ilə bağlı hansı işlərin görüləcəyini soruşub.
Senator Dağlıq Qarabağda münaqişənin alovlanmasında və dinc insanların ölməsində Azərbaycanı günahlandırıb və bunu dolayısı ilə Tramp administrasiyasının Azərbaycanı “görməzdən gəlməsi” olaraq qiymətləndirib.
Antoni Blinken senatorun suallarına verdiyi cavabında isə yeni hökümətin Azərbaycanla hərbi sahədəki əməkdaşlığı yenidən nəzərdən keçirəcəyini, “Azərbaycana xüsusilə təhlükəsizlik sahəsində verdiyimiz dəstəyi yenidən nəzərdən keçirəcəyik” deyə qeyd edib.
Bölgədə təhlükəsizliyin və qarşılıqlı balansın təmin olunması üçün Ermənistana yardımların miqdarını da müəyyənləşdiriləcəyini qeyd edib.
Blinken, ABŞ-ın Minsk qrupunun tərkibinda daha aktiv iş aparacağını və münaqişəninin nizamlanması prosesinə 3-cü tərəfin müdaxiləsinə imkan verməyəcəklərini də qeyd edib.
Konqresdəki müzakirələrdən çıxaracağımız nəticələr olduqca önəmlidir:
1. Başa düşməliyik ki, ermənilər Konqres daxilindəki havadarlarının əli ilə yeni ABŞ hökümətinə təzyiq göstərməyə, maraqlarına uyğun açıqlamalar almağa cəhd edirlər. Bu gözlənilən bir addım idi, çünki Ermənistan 10 noyabrdan etibarən özünü Rusiyanın qarşısında, onun təzyiqinə məruz qalan şəkildə göstərməyə çalışır və uzun müddətli planlarını ABŞ-ın yeni hökümətindən dəstək almaq üzərinə qurmuşdu.
Dünənki açıqlamalar bu prosesin məntiqi nəticəsidir.
2. ABŞ-ın yaxın 4 il üçün Cənubi Qafqazı xüsusi olaraq diqqətdə saxlayacağı dəqiqdir. Çünki istənilməyən şəkildə Rus hərbi gücü Dağlıq Qarabağda yerləşib. Bu ABŞ-ın regiondakı maraqları üçün təhdiddir.
Bu gücün ordan çıxarılması isə ən azı nəzəri də olsa Azərbaycan və Ermənistandan asılıdır.
3. ABŞ-ın Azərbaycana qarşı sərt mövqe sərgilməkdə çox da istəkli deyil. Çünki Azərbaycan qalib ölkədir və bölgənin əsas enerji bazası rolunu oynayır. Digər tərəfdən Bayden höküməti İranla münasibətləri nizamlamayıb və İranla gərginləşən münasibətlərin fonunda Azərbaycanın oynayacağı rol mühümdür. Ən yaxşı ehtimalda nizamlanma prosesi bir müddət vaxt alacaq, çünki İranla ABŞ arasındakı gərginlik hazırda ən pik həddədir. Blinkenin də açıqlamaları Konqresi namizədliyinə razı salmaq üçün strateji kampaniyanın tərkib hissəsidir.
Təbii olaraq, Blinkenin Konqres komitəsində “Yox, Azərbaycanı və Türkiyəni dəstəkləməyə davam edəcəyik” deməsini gözləmirdi heç kim.
4. ABŞ-ın bölgədə və xüsusi olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi Azəbaycanın yaxın aylarda sərgiləyəcəyi diplomatik mövqedən birbaşa asılıdır. Hazırda ABŞ başda olmaqla Qərb Azərbaycanın qalib dövlət kimi necə davrandığını müşahidə edir. Birbaşa Ermənistan verilən dəstək Azərbaycanı itirməklə nəticələnəcəyi üçün heç kim bu riskə gedə bilməz.
Ancaq Azərbaycanın təktərəfli mövqe sərgiləməsi, ABŞ-ı da təktərəfli mövqe sərgilməməyə məcbur edə bilər.
ABŞ siyasi sisteminin mahiyyəti etibarilə indiki anda Bayden hökümətinin Cənubi Qafqazda tərəf tutacağını düşünmək o qədər də inandırıcı deyil.
Lakin gələcəklə bağlı planlarımzı da ABŞ sisteminin mahiyyətinə güvənərək ata bilmərik. ABŞ-ın bölgədə qarışıq siyasi ambisiyalara malik olması indiki anda bizim xeyirimizə ola bilər.
Ancaq bu bizim uğurumuzdan daha çox bəxtimizin gətirməsidir.
Bu sahədə daha ciddi işlər görülmədikcə əlimizdəki şans limitimizi hər keçən gün daha da tükətməyə davam edəcəyik.
Rəvan Əliyev, Bizim.Media