“Mən üçüncü müharibəyə və ya ikinci Qarabağ müharibəsinin davam edəcəyinə inanmıram, çünki ilk növbədə, Azərbaycanın müharibənin davam etməsini istəmədiyini düşünürəm”.
Bu fikirləri Bizim.Media-ya geniş müsahibəsi zamanı ABŞ dövlət katibinin keçmiş müavini və keçmiş səfir Metyu Brayza səsləndirib.
- Cənab Brayza, artıq baş verənlərdən yəqin ki, xəbəriniz var. Sülh danışıqlarına doğru getdiyimiz bir zamanda belə bir hadisələr meydana gəldi. Sizcə, münaqişənin həllində maraqlı olan Avropa İttifaqı (Aİ) və Rusiya hansı addımlar atmalıdır və ya atacaqlar?
- Avropa İttifaqı və Rusiyanın atəşkəsi bərpa etmək üçün nə edəcəyini proqnozlaşdıra bilmərəm. Mən yalnız onların nə etməli olduqlarını və maraqlarının nə olduğunu deyə bilərəm. Avropa İttifaqının ATƏT-in Minsk qrupundan fərqli olaraq qarşılıqlı razılaşdırılmış vasitəçilik mandatı yoxdur. Amma mən hətta həmsədr olduğum vaxtlarda da həmişə düşünmüşəm ki, Avropa İttifaqı Dağlıq Qarabağda vasitəçilik prosesində mühüm rol oynamalıdır. Və biz son aylarda gördük ki, Avropa İttifaqı, xüsusən də Avropa Şurasının sədri Şarl Mişel vasitəçilikdə çox mühüm rol oynayıb və buna görə də, o, atəşkəsin bərpasına kömək edə bilməlidir. Məntiqi addım isə o olardı ki, noyabrda prezident İlham Əliyevin baş nazir Paşinyanla planlaşdırılan görüşündən əvvəl Avropa İttifaqı, Şarl Mişel atəşkəsin necə bərpa olunacağını müzakirə etmək üçün bu iki liderlə yenidən görüşsün.
- Bu məqamda Rusiyanın münaqişənin həllindəki rolu daha ağırdır deyə düşünürük. Çünki sülh və KTMT faktoru var. Nə edəcək?
- Məncə onlar (Rusiya) Ermənistan hökumətinin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına uyğun olaraq kollektiv təhlükəsizlik öhdəliklərini xatırlatmasına, ərazisi başqa ölkə tərəfindən hücuma məruz qaldıqda Ermənistana kömək etməyə çağırmasına necə cavab verəcəklərini müəyyənləşdirməyə çalışırlar. Hazırda situasiya bir qədər fərqlidir, Azərbaycan Ermənistan ərazisindəki özü üçün təhlükə hesab etdiyi nöqtələri atəşlə susdurub. Amma mən düşünmürəm ki, Rusiya hərbi mövcudluğunu daha da artırmağı tələb edəcək şəkildə vasitəçilik etmək istəsin.
- Əslində Rusiyanın başı qarışıqdır deyə bilərik. Çünki Ukrayna müharibəsi var. Belə olduqda Rusiya və Aİ birgə əməkdaşlıq edə bilərmi?
- Rusiyanın təkcə Azərbaycandakı sülhməramlıları ilə bağlı deyil, həm də təbii ki, Ukraynaya hərbi müdaxiləsi ilə bağlı kifayət qədər problemləri var. Lakin Rusiya təbii ki, həm Bakıda, həm də İrəvanda yüksək nüfuza malikdir. Beləliklə, ola bilsin, xarici işlər naziri Lavrov və ya hətta prezident Putin atəşkəsi bərpa etmək üçün addım atacaq, bəlkə də Moskvanın nöqteyi-nəzərindən atəşkəsin bərpası üçün Avropa İttifaqı ilə rəqabət aparacaq və düzünü desəm, ümid edirəm ki, Avropa İttifaqı və Rusiya atəşkəsi bərpa etmək üçün əməkdaşlıq edəcək.
- Paşinyan əhalisinə vətənlərini qorumaq üçün hər kəsin silaha sarılmalı olduğunu deyib. Bu müraciət yeni müharibədən xəbər vermirmi?
- Mən o müraciəti oxumamışam. Ancaq mən üçüncü müharibəyə və ya ikinci Qarabağ müharibəsinin davam edəcəyinə inanmıram, çünki ilk növbədə, Azərbaycanın müharibənin davam etməsini istəmədiyini düşünürəm. Azərbaycanın 10 noyabr 2020-ci il atəşkəs bəyannaməsindən sonrakı Ermənistanı bütün qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa və bütün nəqliyyat əlaqələrini yenidən açmağa çağıran status-kvonu saxlamaq istədiyinə inanıram. Və düşünürəm ki, Azərbaycan 01.11.2021-ci il tarixli üçtərəfli sazişin icrasına davam etmək istəyir ki, hər iki ölkə infrastruktur layihələrinin, xüsusən də nəqliyyatın inkişafı üçün əməkdaşlıq etsin.
- Azərbaycanın təklif etdiyi sülh və yeni iqtisadi əlaqələr Ermənistan üçün də sərfəlidir. Belə olduqda Ermənistanın istəyini necə başa düşməliyik? Paşinyan mühqaribəni davam etdirmək istəyindədirmi?
- Bu, Ermənistanın da öz iqtisadiyyatını regiona yenidən inteqrasiyası, iqtisadi artım və iş yerləri yaratmaq üçün son dərəcə vacibdir, ona görə də Azərbaycanın bir daha müharibə istəmədiyini düşünürəm. Faktiki olaraq, Azərbaycan əvvəllər işğal olunmuş və indi geri qaytarılan torpaqlarını bərpa etmək üçün infrastruktura milyardlarla dollar sərmayə qoymağa davam etmək istəyir. Həmçinin inanmıram ki, baş nazir Paşinyan da bir daha savaşa girsin. Amma Ermənistanda onun bir çox siyasi opponentləri potensial olaraq ikinci Qarabağ müharibəsinə gətirib çıxaran gərginlik törətməkdə maraqlıdırlar. Onlar sadəcə Paşinyanın həyatını çətinləşdirmək üçün bunu istəyirlər. Bununla belə, məncə, Ermənistanın yüksək səviyyəli rəhbərləri ölkənin belə bir müharibədə qalib gələ bilməyəcəyini bilirlər, ona görə də onlar Azərbaycanı məğlub etmək üçün Rusiyanı Ermənistanın tərəfinə çəkməyə ümid edirlər.
- Ermənistan buna nail olacaq?
- Ermənistan təkbaşına Azərbaycan ordusunu məğlub edə bilməz, çünki biz artıq İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun məhv edildiyini görmüşük. Digər tərəfdən inanmıram ki, prezident Putin də Rusiya üçün kifayət qədər pis gedən Ukrayna işğalı ilə yanaşı ölkənin indi başqa bir müharibədə iştirakını istəsin, ona görə də Azərbaycan və Ermənistan arasında ikinci bir müharibə gözləmirəm.
- Vaxt ayırdığınız və suallarımızı cavablandırdığını üçün təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Tehran, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:25 / 15.09.2022
Metyu Brayza: “Üçüncü Qarabağ müharibəsinin olacağına inanmıram” – ÖZƏL MÜSAHİBƏ
Hazırda oxunan: Metyu Brayza: “Üçüncü Qarabağ müharibəsinin olacağına inanmıram” – ÖZƏL MÜSAHİBƏ
Hazırda oxunan: Metyu Brayza: “Üçüncü Qarabağ müharibəsinin olacağına inanmıram” – ÖZƏL MÜSAHİBƏ
93950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.