Çarlz seçdiyi III Karl ləqəbi ilə hansı mesajı verir? - Britaniya taxt-tacına oturan KARLLARIN TARİXÇƏSİ 

Hazırda oxunan: Çarlz seçdiyi III Karl ləqəbi ilə hansı mesajı verir? - Britaniya taxt-tacına oturan KARLLARIN TARİXÇƏSİ 

93760

Xəbər verdiyimiz kimi, Böyük Britaniya və Şimali İrlandiya krallığının kraliçası II Elizabetin ölümündən sonra taxta onun varisi Çarlz sahib olub. Yeni kral III Karl adı ilə taxta çıxıb.

Doğrudur, Britaniyanın parlamentli monarxiyaya əsaslanan idarəetmə sisteminə görə krallıq simvolik hüquqlara malik olsa da, reallıqda monarxın dünya siyasi arenasına yön verən fiqurlardan olduğu bəllidir.
Əsas maraqlı nüans isə Çarlzın özünə seçdiyi III Karl ləqəbi ilə bağlıdır. Belə ki, daha əvvəl kraliyyət taxtında Karl ləqəbi ilə əyləşən iki kral olub və onların hər ikisi ölkə tarixində unudulmaz yerə sahibdirlər.

İndi isə III Karlın adaşı olan sələfləri barədə

Stüardlar sülaləsinə mənsub olan I Karl 1600-cü ildə Şotlandiya kralı olan VI Ceymsin oğlu olaraq dünyaya gəlib. Atası 1603-cü ildə Böyük Britaniya taxtına əyləşib. Lakin Karl ailənin böyük oğlu deyildi və taxtın varisi hesab olunmurdu.

Lakin xoşbəxtlikdən ya bədbəxtlikdən böyük qardaşı Henri Frederikin 1612-ci ildə tifus xəstəliyindən ölməsi Karlın taxta gedən yolunu açdı. O, 1625-ci ildə I Karl titulu ilə rəsmi olaraq İngiltərə, Şotlandiya və İrlandiyanın kralı elan olundu.
Lakin I Karl taxta çıxar çıxmaz ölkə parlamenti kralın səlahiyyətlərini azaltmaq üçün işlərə başladı. Bu isə Karl üçün qəbuledilməz idi. Bunun üzərinə Karlın 1626-cı ildə Britaniyadan sıxışdırılan katolik təriqətinə mənsub olan Fransa şəhzadəsi Henrietta Mariya ilə evlənməsi ona qarşı nifrəti daha da artırdı. Nəticədə ölkədə qatı protestantlar krala qarşı üsyan bayrağını qaldırdılar. 

Taxtı getdikcə laxlayan I Karlın parlamentə qarşı radikal davranışı 1642-ci ildə krallığı vətəndaş müharibəsinə sürüklədi və 1645-ci ildə kralın tərəfdarları məğlub oldular. Karl isə həbsxanaya göndərildi. Bundan 4 il sonra isə Britaniyada krallıq üsul-idarəsi ləğv olundu, Karlın nəsibinə düşən isə edam oldu.

Nəticədə I Karl tarixdə Britaniya imperiyasına dağılmasına bais olan şəxs kimi qaldı. Britaniya kraliyyət tarixindəki digər, II Karl isə atası I Karldan tam fərqli monarx kimi tarixə düşüb.

1630-cu ildə dünyaya gələn II Karl 1649-cu ildə Şotlandiya kralı elan olunar-olunmaz atasını devirən parlament qüvvələrinə qarşı mübarizəyə başladı. Onun da ilk mübarizəsi məğlubiyyətlə nəticələndi və II Karlın 1651-1660-cı illəri əhatə edən sürgün dönəmi başladı.

Lakin monarxiyanın devrilməsindən sonra Britaniyada diktaturasını yaradan Oliver Kromvelin ölümünün ardından 1660-cı ildə krallıq yenidən bərqərar oldu və II Karl Britaniya taxtına əyləşdi. 

Atası kimi onun da parlamentlə işləri yolunda getmədi. Lakin illərlə davam edən siyasi mübarizənin nəticəsində II Karl atasından fərqli olaraq qələbə qazanmağı bacardı və 1681-ci ildə parlamenti ləğv edərək mütləq monarxiyanı bərpa etdi. 
 

Göründüyü kimi, Karl titulu alaraq taxta çıxanlar Britaniya tarixində bir-birilə təzadlı, lakin unudulmayacaq yerə sahib olublar. İndi isə, taxtda III Karl əyləşib. Doğrudur, yeni kral əvvəlki Karllardan fərqli olaraq Stüardlar yox, Vindzorlar sülaləsinə mənsubdur. 


Buna baxmayaraq III Karlın da tarixdə unudulmaz iz buraxmaq ehtimalı böyükdür. Ən azından Ukraynada davam edən müharibə başa çatdıqdan sonra dünya 24 fevraldan əvvəlki kimi olmayacaq. Yeni dünyada “üzərində günəş batmayan” Böyük Britaniyanın tutacağı yol isə bütün bəşəriyyət üçün həlledici ola bilər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin