Azərbaycan AYİB ilə yeni sazişləri imzaladı - 3,7 MİLYARDLIQ İNVESTİSİYA / FOTO

Hazırda oxunan: Azərbaycan AYİB ilə yeni sazişləri imzaladı - 3,7 MİLYARDLIQ İNVESTİSİYA / FOTO

93435

Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, AYİB nümayəndə heyəti həmçinin İçərişəhərlə tanış olub.

Daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və AYİB nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq vurğulanıb.

Bildirilib ki, Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 181 layihə üzrə 3,7 mlrd. avroya yaxın investisiya yatırılıb. AYİB-lə birgə layihələr ölkəmizdə müxtəlif sahələrdə qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini genişləndirir.

2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran iqtisadiyyat naziri qeyd edib ki, AYİB-in “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı üçün müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir.
Görüşdə energetika, xüsusilə bərpaolunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

Həmin gün AYİB-lə bir sıra sənədlərin imzalanması ilə əlaqədar tədbir keçirilib. Sonra “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək “Küçələrin işıqlandırılması” layihəsinə dair Qrant, Kredit və Layihə sazişləri imzalanıb.

Sazişlərə əsasən, Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi və “yaşıl” texnologiyaların tətbiqi nəzərdə tutulur.
Həmçinin, Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və AYİB arasında mandat məktubu imzalanıb. Tədbir çərçivəsində AYİB-nın “Star Venture” Proqramı üzrə startaplara mükafatlar təqdim olunub. 

Qeyd edək ki, “Star Venture” proqramının əsas məqsədi perspektivli startapların potensialının reallaşdırılmasının dəstəklənməsidir.

Azərbaycanın Bankla əməkdaşlığı çərçivəsində ilk layihəyə - “İT Hub” layihəsinə başlanılacağı barədə də məlumat verilib. Layihə çərçivəsində görüləcək işlər müasir bilik və bacarıqlara malik kadr potensialının gücləndirilməsi və regionların inklüziv inkişafına dəstək verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin