“Hal-hazırda avtomobil bazarında vəziyyət nizamsız şəkildə inkişaf edir. Çünki bazarı alverçilər idarə edir və onlar qiymətləri öz bildikləri, maraqlarına uyğun şəkildə tənzimləyirlər. Belə olan halda isə həm alıcılar, həm də satıcılar narazı qalırlar”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı səsləndirib.
Ekspertin sözlərinə görə, bazarın nizamsızlığı həm alıcılara, həm də satıcılara mane olur:
“Bazarı isə heç kim tənzimləmir. Bir həftə öncəki vəziyyətlə, bir həftə sonrakı vəziyyət fərqli olur.
Ona görə də, avtomobil bazarında nəzarətə ehtiyac var. Eyni zamanda avtomobil parkının yenilənməsi də vacibdir. Yeni, komfortlu avtomobillər gətirilməli, sınıq-salxaq maşınların idxalının qarşısı alınmalıdır.
Köhnə avtomobillərlə bağlı vəziyyət heç də ürəkaçan olmasa da, onlardan asılılığın olduğunu da inkar edə bilmərik. Çünki yeni avtomobillərin qiyməti bahalaşıb, gömrük rüsumları, əlavə dəyər vergisi və aksiz dərəcələri çox bahadır. Hibrid və elektromobillərə tətbiq olunan güzəştlər alqışalayiqdir. Amma onların da qiymətlərinin yüksək olması, vətəndaşlar üçün maneələr törədir”.
Elməddin Muradlı avtomobil bazarında dizel mühərrikli avtomobillərə tələbatın yüksək olması ilə bağlı da fikirlərini bölüşüb:
“Dizel avtomobilləri, ümumiyyətlə, mərhələli şəkildə məhdudlaşdırmalıyıq. Bütün dünyada proses bu yöndə davam edir. Stimullaşdırıcı addımlar atılmalıdır ki, insanlar dizellə hibrid və elektromobillər arasında fərqi görə bilsinlər.
Digər tərəfdən ikinci əl avtomobillərin bazara daxil olması pis bir ənənə deyil. Çünki 1970-ci ilin maşınındansa, 2010-20-ci illərin istehsalı olana avtomobillərin olması daha yaxşıdır.
Ümumiyyətlə, avtomobil parkının yenilənməsi üçün bütün dövlətlər güzəştlər tətbiq edirlər.
Məsələn, 3 il müddətində bu və ya digər avtomobili gətirənlər ƏDV, aksiz ödənişlərindən azad edilir və s.
Belə olan halda insanlar köhnə avtomobillərini çıxdaş edib, yenisini almağa çalışırlar. İnsanlar da bilməlidir ki, öz avtomobilini təhvil verib, üzərinə müəyyən vəsait qoymaqla yeni maşın ala biləcək”.
Ekspert əlavə edib ki, avtomobil parkının yenilənməsi prosesinin mərhələli şəkildə aparılmasına ehtiyac olsa da, günümüzdə bunu reallaşdırmaq çətindir.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 14.09.2022
“Avtomobil bazarını alverçilər idarə edir” – Ekspert nizamsızlıqdan ŞİKAYƏTLƏNDİ
Hazırda oxunan: “Avtomobil bazarını alverçilər idarə edir” – Ekspert nizamsızlıqdan ŞİKAYƏTLƏNDİ
Hazırda oxunan: “Avtomobil bazarını alverçilər idarə edir” – Ekspert nizamsızlıqdan ŞİKAYƏTLƏNDİ
93427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.