“Yenə bələdiyylərdən gəlmişdilər. Əmlak vergisi üçün. Hər zaman vergini ödəmişəm. Amma bu dəfə içimdən bir sual gəldi: “Axı, nəyə görə vergi ödəməliyəm? Mən ki, yaşadığım ərazidə bələdiyyənin göstərdiyi hansısa xidmətdən xəbərsizəm?! Ən azından başqa ölkələrdə görmüşəm ki, bir oturacaq quraşdırılıb, bir park salınıb və qarşısında yazılıb ki, bunu filan bələdiyyə edib”. Xaricdə blədiyyələrin hesabına tikilən uşaq bağçasına, xəstəxanaya çox rast gəlmişəm. Orada bələdiyyələrin fəaliyyəti göz oxşayır. Ona görə də heç bir fəaliyyətini görmədiyim bələdiyyəyə pul ödəmək içimdən gəlmir”.
Bu fikirləri Millət vəkili Razi Nurullayev Bizim.Media-ya açıqlamasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İctimai nəqliyyatda limitsiz kart TƏKLİFİ – Razi Nurullayev nə cavab verdi?
Bələdiyyələrin fəaliyyətsizliyindən danışan Millət vəkili bir neçə vacib məqama da toxunub:
“Bu gün bələdiyyələr rəqabətdə Mənzil İstismar Sahələrinə belə uduzur. MİS-lərin fəalliyyətini hardasa görürsən. Zibil daşıyır, həyətlərdə təmizlik aparır. Amma biz bunu bələdiyyəllərin fəaliyyətində görmürük. Bələdiyyələr ola bilsin ki, nəsə iş görür. Lakin, onun da təbliğatı olmadığından bu işləri görə bilmirik”.
Razi Nurullayev əlavə edib ki, amma kağız üzərində bələdiyyələrə xeyli səlahiyyətlər verilib.
“Niyə bunlar olmur? Bələdiyyələr niyə öz səlahiyyətlərindən yararlana bilmir? Ən pisi də odur ki, bələdiyyələrin 80 faizi özü-özünü saxlaya bilmir, dövlətdən dotasiya alır. Dotasiya ilə keçinən qurumdan hansı quruculuq, abadlıq işi gözləmək olar? Nəhayət, bələdiyyələrlə icra orqanları arasında bir xətt çəkilməlidir. Onların fəaliyyətindəki paralellik aradan qaldırılmalıdır”.
Doğrudan da yarandığı 23 ildən bu yana bələdiyyələr ictimai və sosial həyatımızda elə də parlaq iz buraxmayıb. İndi bu arabanın beşinci təkəri kimi kiməsə lazım olmayan bu qurum niyə mövcuddur?
Məsələyə münasibət almaq üçün Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyevə də müraciət etdik. Amma cəhdimiz çox uğursuz nəticələndi. Təmraz Tağıyevlə telefon ünsiyyətimiz qısa oldu. O bildirdi ki, “mən tanımadığım sayta müsahibə vermirəm”. Sonra da telefonunu söndürdü.
Burada məşhur filimdən bir epizod yadıma düşüdü: “Əşşi, səni elə görməsələr yaxşıdır”.
Surxay Atakişiyev, Bizim.Media