25 ildir baş tutmayan İSLAHAT: “ABŞ Rusiyanı BMT Təhlükəsizlik Şurasından uzaqlaşdırmaq istəyir” – Fərid Şəfiyev

Hazırda oxunan: 25 ildir baş tutmayan İSLAHAT: “ABŞ Rusiyanı BMT Təhlükəsizlik Şurasından uzaqlaşdırmaq istəyir” – Fərid Şəfiyev

93090

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Baş Assambleyanın 77-ci sessiyasında ABŞ-ın prioritetlərinə dair brifinqdə çıxışı zamanı bəyan edib ki, Vaşinqton Təşkilatın Təhlükəsizlik Şurasının islahatını - xüsusən də onun üzvlərinin coğrafi təmsilçiliyinin genişləndirilməsini və veto hüququndan istifadə məsələsini dəstəkləyir. 

O, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini "ən təmiz formada hökmranlıq cəhdi” və "BMT-nin yaratdığı ən fundamental prinsiplərin sınağı” adlandırıb.

Bu kontekstdə də ABŞ-ın qurumdakı daimi nümayəndəsi Vaşinqtonun bu gün "BMT Təhlükəsizlik Şurası üzvlərinin məsuliyyətli davranışının altı prinsipinə” əməl etmək qərarına gəldiyini açıqlayıb. Onların arasında o, BMT-nin digər üzvləri və onun agentlikləri ilə daha aktiv qarşılıqlı əlaqəni və ekstremal hallar istisna olmaqla, vetodan istifadənin rədd edilməsini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsirlərin qaytarılması qarşılığında Ermənistan nəyə razılaşıb? – Fərid Şəfiyevdən CAVAB


"Biz Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səyləri artıracağıq. Söhbət veto qoyulması qaydalarının dəyişdirilməsindən gedir, dəyişikliyə əsasən, daimi üzvlər veto səbəbini Baş Assambleyaya izah etməli olacaqlar", - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi deyib.

"Təhlükəsizlik Şurası həm də qlobal reallığı daha yaxşı əks etdirməli və coğrafi təmsilçiliyi nəzərə almalıdır. Biz köhnəlmiş status-kvonu saxlamamalıyıq. Eyni zamanda, məsuliyyət naminə güzəştə getmək üçün çevik olmalıyıq", - o əlavə edib.

Həmçinin, Tomas-Qrinfild ABŞ prezidenti Co Bayden, dövlət katibi Entoni Blinkenin iştirakı ilə və "Təhlükəsizlik Şurasının və BMT-nin digər qurumlarının islahatı ilə bağlı kritik məsələlərlə bağlı” geniş məsləhətləşmələr keçirəcəyini açıqlayıb.

Bizim.Media-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirir ki, BMT-də bu kimi islahatların indilikdə reallaşacağı gözlənilən deyil:

“BMT-də islahatlar məsələsi keçən əsrin 90-cı illərindən gündəmdədir, 25 ildir ki, müzakirə olunur. Soyuq müharibə bitəndən sonra belə bir ideya gündəmə gəlmişdi. BMT Təhlükəsizlik Şurasının 5 daini üzvünün, Yaponiya, Almaniya, Braziliya daxil olmaqla 9-a, qeyri-daimi üzvlərin sayının isə 15-dən 25-ə çatdırılması təklif olunurdu. O zaman, ABŞ daxil bütün daimi üzvlər həmin islahata qarşı çıxış etdi.
 

Fikrimcə, məhz keçən əsrin 90-cı illərində BMT Təhlükəsizlik Şurasında belə islahatların aparılması üçün daha əlverişli mühit var idi, nəinki indi. Çünki həmin illərdə ABŞ Rusiya qarşıdurması bu dərəcədə deyildi.


Çin də bu dərəcədə güclü deyildi. İndiki halda, Vaşinqtonun islahat təklifinə dəstək verməsi daha çox ABŞ-ın Rusiyanı TŞ-dan uzaqlaşdırmaq və ya onun “veto” hüququnu məhdudlaşdırmaq məqsədi daşıyır. İdeyanın reallaşması üçün daimi üzvlərin 5-də ona razı olmaldır. Baş Assambleya üzvlərinin də üçdə ikisi səs verməlidir. Baş Assambleyada məsələnin müsbət həlli mümkün olsa da, TŞ-da onun baş tutacağını düşünmürəm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin