Xəbər verildiyi kimi “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirərək Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təxminən 45 dəqiqə təşkil edib.
Bizim.Media xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov məsələyə münasibət bildirib. O, bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanının həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biri olduğunu vurğulayıb:
MÖVZU İLƏ BAĞLI:
Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.
Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək”.
Deputat qeyd edib ki, Zəngilanın turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından, əhəmiyətlidir.
Alçina Amilqızı, Bizim.Media