Elektron Təhlükəsizlik Xidməti vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi hallarının müşahidə edildiyini bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar Azərbaycan ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil.
Həmçinin, qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə “WhatsApp” mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
“WhatsApp”ı kompüterinizə yükləyə bilərsiniz - YENİLİK
Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib.
“WhatsApp” mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesabları “WhatsApp” tərəfindən 24 saat ərzində nəzərdən keçirilir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyət aradan qaldırılır.
Vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Təlimatla bu linkə keçid edərək tanış olmaq mümkündür.
Həmçinin bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.
Bizim.Media