Avropa ATƏT-ə alternativ yaradır - Azərbaycan dəvət olunub

Hazırda oxunan: Avropa ATƏT-ə alternativ yaradır - Azərbaycan dəvət olunub

92461

Oktyabrın 6-da Praqada Aİ-nin qeyri-rəsmi sammiti keçiriləcək və bu sammitə Azərbaycan və Ermənistan da dəvət olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Britaniyanın “The Guardian” qəzetində yerləşdirilib.

Sammitdə Avropa Siyasi İttifaqının - qitə təhlükəsizliyi məsələləri ilə məşğul olacaq yeni qurumun yaradılması gözlənilir. İdeya Makron tərəfindən irəli sürülüb və Mişel tərəfindən dəstəklənib.

Emmanuel Makronun Avropada təhlükəsizlik məsələləri ilə məşğul olmaq üçün yeni siyasi ittifaq yaratmaq ideyası Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaranıb.

Bu ilin mayında Fransa prezidenti ikinci müddətə and içdikdən sonra “Köhnə Dünya”nın demokratiyalarını birləşdirəcək yeni siyasi təşkilat yaratmağa çağırıb. Makronun sözlərinə görə, bütün Avropa qitəsini strukturlaşdırmaq üçün təkcə Avropa İttifaqı kifayət deyil.
Fransa prezidentinin sözlərinə görə, yeni qurum təhlükəsizlik, enerji, nəqliyyat, infrastruktura sərmayə qoymaq və gənclər üçün yeni iş yerlərinin yaradılması kimi məsələlərlə məşğul ola bilər.

Makron hesab edir ki, bu təşkilata üzvlük Aİ-nin üzvü olmayan ölkəni ona üzv olmağa məcbur etmir.

Onun fikrincə, təşkilata Avropa İttifaqını tərk etmiş dövlətlər də daxil ola bilər.
İki ay sonra, Praqaya səfəri zamanı, Emmanuel Makronun yaxın adamı və Avropa İttifaqı Şurasının sədri olan Belçikanın keçmiş baş naziri Şarlz Mişel, oktyabrın əvvəlində qeyri-rəsmi Avropa İttifaqı sammitinin keçiriləcəyini bildirib.

Ona hazırda Avropa İttifaqına sədrlik edən Çexiya ev sahibliyi edəcək.

Sammitə dəvət olunan Avropa İttifaqına üzv olmayan dövlətlərin siyahısına Azərbaycan və Ermənistandan başqa, Ukrayna, Moldova, Gürcüstan, eləcə də Qərbi Balkanların altı ölkəsi daxildir.

Bundan başqa, tədbirə Aİ-nin üzvü olmayan Norveç və İsveçrə, habelə onun sıralarından çıxmış Böyük Britaniya da dəvət olunub. Uzun illərdir ki, Aİ-yə üzvlük üçün mübarizə aparan Türkiyə hələ də dəvət almayıb. “The Guardian” yazır ki, Yunanıstan və Kipr Ankaranın sammitdə iştirakına qarşıdır.
Bu həssas mövzuya münasibət bildirən Şarlz Mişel Aİ-nin Türkiyəni sammitə dəvət edəcəyini bildirib.

Qeyd edək ki, avqustun 31-də Şarl Mişel Brüsseldə prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş təşkil edərək Ermənistan-Azərbaycan sülh danışıqları prosesinə start verib.

Ehtimal olunur ki, bu görüşdə Azərbaycan və Ermənistanın Avropada təhlükəsizlik məsələləri ilə məşğul olacaq yeni təşkilatda iştirakı məsələsi qaldırılıb.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan artıq Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünə daxildir. Hazırda Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişi üzərində iş gedir və onun layihəsi Brüsseldə bir sıra rəsmilərin sözlərinə görə, əsasən razılaşdırılıb.
Praqada bir aydan sonra formalaşması nəzərdə tutulan yeni ümumavropa strukturunun hansı səlahiyyətlərə malik olacağı hələlik müəyyənləşməyib. Onun təhlükəsizlik məsələlərindən əlavə, enerji, nəqliyyat və digər sahələrlə məşğul olub-olmayacağı da bəlli deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin