Son vaxtlar yük avtomobilləri şəhərin mərkəzində tıxac və əlavə problemlərə səbəb olub. Paytaxtın Fəhlə prospekti, Dərnəgül və “20 yanvar” metrostansiyası yaxınlığındakı yollarda daha çox səhər saatlarında yük avtomobillərinin hərəkətdə olduğunü müşahidə edirik.
Yük avtomobillərinin əsas yolda çox az sürətlə hərəkət etməsi və ya dönmə əməliyyatı aparması xeyli vaxt itkisi ilə yanaşı digər hərəkət iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneçilik törədir.
Qeyd edək ki, yük avtomobillərinin hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin qərarı var.
Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin saat 07:30-dan axşam saat 21:00-dək şəhərə girişi qadağandır. Amma nəinki buna məhəl qoyan var, qadağanı pozanların belə məsuliyyətə cəlb olunması halları yoxdur.
Onu da əlavə edək ki, hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların hansı marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər.
Yol-nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya bildirib ki, ağır tonlajlı yük avtomobillərinin şəhərə günorta saatlarında daxil olması ilə bağlı artıq bir neçə ildir ki, qadağa qüvvədədir:
“Buna baxmayaraq ağır tonlajlı yük avtomobilləri Bakının küçələrində şütüyür. Bu da yol hərəkəti iştirakçılarına böyük təhlükə yaradır. Hərəkətin intensiv olduğu bir vaxtda bu nəqliyyat vasitələrinin mərkəz küçələrdə hərəkəti problematikdir.
Yolu keçən piyadalar üçün də təhlükəlidir. Çünki yük avtomobilinin sürücüsünün yolu keçən piyada ilə vizual kontaktı olmur.
Nə piyada həmin yük avtomobilinin sürücüsünü görür, nə də sürücü piyadanı görə bilir. Bu problem həm də minik avtomobilləri üçün də yaranır. Yük avtomobilləri bilirsiz ki, qəfil dayanmır. Yaxud yük avtomobiıinin qəfil əyləcə sıxma zamanı məsafə uzana bilir və yenə də qəzalara səbəb olur. Bundan əlavə tez-tez beton qarışdıran avtomobillərin aşdığına rast gəlirik”.
Ekspert qeyd edib ki, sözügedən məsələyə yol polisi nəzarət etməlidir:
“Çünki müvafiq qərar da elə onlardan gəlib. Təssüf ki, qaydanı pozan sürücülər olur. Hesab edirəm ki, polislərlə yanaşı vətəndaşların özləri də fəal olmalıdır. Qaydanı pozan sürücülər barədə yol polisinə məlumat verməlidirlər”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 07.09.2022
Sübh tıxaclarının SƏBƏBİ - Qadağanı pozan yük avtomobillərinə niyə NƏZARƏT YOXDUR?
Hazırda oxunan: Sübh tıxaclarının SƏBƏBİ - Qadağanı pozan yük avtomobillərinə niyə NƏZARƏT YOXDUR?
Hazırda oxunan: Sübh tıxaclarının SƏBƏBİ - Qadağanı pozan yük avtomobillərinə niyə NƏZARƏT YOXDUR?
92388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.