Ermənistanın yarımçıq qalan Şimal-Cənub magistral yolu

Hazırda oxunan: Ermənistanın yarımçıq qalan Şimal-Cənub magistral yolu

92280

Ermənistanın şimalı ilə cənubunu bağlayacaq 566 km uzunluğunda olan Mehri-İrəvan-Bavra magistralının tikintisi həyata keçirmək üçün hazırlanmış “Şimal-cənub koridoru İnvestisya proqramı”nın 2009-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Layihənin ilkin dəyəri 962 milyon dollar həcmində göstərilsə də sonradan layihəyə edilən dəyişikliklər bu rəqəmin 1.5 milyard dollara çatmasına səbəb oldu.

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin Telegram kanalında yer alıb.

Qurum xatırladır ki, layihəni maliyyələşdirən təşkilatlara Avropa İnvestisya Bankı, Avrasiya İnvestisya Bankı, Avropa İnkişaf və Yenidənqurma bankı və digərləri aiddir. 
Bu yolun tikintisinin 5 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı: 

1-ci mərhələ: İrəvan - Aştarak (11.4 km) və İrəvan - Artaşat (19,6 km) yollarının tikintisi. 

2-ci mərhələ: Aştarak - Talin (42 km) yolunun tikintisi.

3-cü mərhələ: Talin - Lancik (18.71) və Lancik – Gümrü  (23 km) yollarının tikintisi.

4-cü mərhələ: ümumi uzunluğu 252 km yolun üç mərhələdə tikilməsi:

1) Artaşat-Sisian (160 km) ikinci dərəcəli yolunun, körpü və tunellərin tikintisi.

2) Sisian-Kacaran (60 km) ikinci dərəcəli yolunun, 27 körpünün (4.7 km) və 9 tunelin (12.5 km) tikintisi.

3) Kacaran-Aqarak (32 km) ikinci dərəcəli yolun və Kacaran tunelinin (7 km) tikintisi.

5-ci mərhələ: Gümrü kənar yol və Gümrü-Bavra yollarının (62 km) tikintisi. 

Layihənin məqsədi

1) Ermənistanın uzun müddət istifadə edə biləcəyi, sürətli və təhlükəsiz yol infrastrukturun qurulması (bəzi hissələrdə tikilən beton yolun ömrü 30 il nəzərdə tutulub).

2) Ermənistanın Qara dənizdə yerləşən limanlara çıxışını asanlaşdırmaq.

3) Fars Körfəzi-Qara Dəniz nəqliyyat dəhliznin əsas hissələrindən birinə çevrilmək.

4) Ermənistanın şimalından cənubuna daha qısa zamanda gedə bilmək. Hazırkı yol çətin relyefdən keçdiyindən şimaldan cənuba getmək üçün 10 saat tələb olunur. Yeni layihə uğurla başa çatdırılsa hərəkət vaxtı 4-5 saata enə bilər.  

Layihənin hazırkı vəziyyəti

Layihənin icrasının 2009-cu ildə başlaması nəzərdə tutulsa da  tikinti işlərinə 3 il sonra, 2012-ci ildə başlanıldı. Bu gecikməyə görə, Asiya İnkişaf Bankı Ermənistanı cərmələdi. Layihənin təsdiqindən 13 il, tikinti işlərinin başlanılmasından isə 10 il keçsə də yolun cəmi 5% -i tikilib.

Təhvil verilən hissədə isə yolun keyfiyyəti ilə bağlı problemlər var. İcraçı şirkətlər problemləri aradan qaldırmağa söz versələr də, bu problemlər hələ də qalmaqdadır. İşin icrası zamanı yol verilən pozuntulara və yolun keyfiyyətində olan problemlərə görə icraçı şirkətlər dəfələrlə dəyişdirilib.
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş prokurorluq 2009-2018-ci illər ərzində layihənin həyata keçirilməsi zamanı yol verilən pozuntular və pis idarəçilik ucbatından 43 milyon dollar həcmində zərərin olduğunu açıqladı.

Bununla bağlı açılan cinayət işinə görə yüzlərlə şəxsin dindirilməsi həyata keçirilib, həbs olunanlar da var. Onalrın əksəriyyəti icraçı şirkətlərin əməkdaşları olsa da, aralarında keçmiş prezident Serj Sarqsyanın qardaşı Lyova Sarqsyan və keçmiş Nəqliyyat və Kommunikasiyalar naziri Gagik Beglaryanın bir vaxtlar deputat olmuş qardaşı Akop Beglaryan da var. Lyova Saqsyanın, icraçı şirkətlərdən mənfəətin 50%-ni “otkat” kimi tələb etdiyi bildirilir.

Paşinyan höküməti yolun nə vaxt təhvil veriləcəyini bilmir. Bunun əsas səbəbi işin böyük hissəsinin, yəni 4-cü və 5-ci mərhələlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin hələ də müəyyən olunmamasıdır.
Ermənistan üçün meqa layihə sayılan və inşası 9 ilə nəzərdə tutulan, amma hələ çox cüzi bir hissəsinin reallaşdığı  bu layihənin taleyi hələ naməlum olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin